Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-13 16:45:00
Müəllimlərin işə qəbulu müsabiqəsi BAŞLAYIR  
14 iyul tarixindən etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start veriləcək.
 
 
AzEdu.az xəbər verir ki, 54 745 nəfər namizədin iştirakı planlaşdırılan müsabiqə 7 gün ərzində ölkənin 10 müxtəlif şəhəri olmaqla, ümumilikdə 15 imtahan mərkəzində təşkil olunacaq.
 
 
Bildiririk ki, müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Ötən illərdən fərqli olaraq bu il test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulmuşdur. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Həmçinin yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanacaq.
 
 
Nəzərinizə çatdırırıq ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.
 
 
Təlimatla bağlı ətraflı məlumat üçün namizədlərə şəxsi səhifələrinə nəzər yetirmələri tövsiyə olunur.
 
 
Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!