Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-27 14:00:00
“Türkiyə universitetlərində Azərbaycan haqqında bizdən də yaxşı tədqiqatlar yazılır” – Qafar Çaxmaqlı

Hazırkı dövrdə azərbaycanlı gənclər oxumaq üçün müxtəlif ölkələrə üz tutur. Bəzən, müzakirə mövzularından bir də xarici ölkələrdə azərbaycançılığın necə təbliğ olunmasıdır. Dil yaxınlığı, həmçinin qardaş ölkə hesab olunan Türkiyə gənclərin ən çox üz tutduğu ölkələrdəndir.

Bəs, Türkiyə universitetlərində azərbaycançılıq məsələsi, ölkəmizin tarixi, ədəbiyyatı, milli məsələləri necə təbliğ olunur?

Məsələylə bağlı AzEdu.az-a danışan Türkiyə Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bildirib ki, Türkiyədə Azərbaycanla bağlı tədris məsələləri, təbliğat keyfiyyəti ayrı- ayrı universitetlərdə fərqlidir:

“Ədəbiyyat fakültələrində türk ləhcələri olaraq Azərbaycan türkcəsi tədris olunur. Müxtəlif proqramlar çərçivəsində Azərbaycan dili təbliğ olunur, öyrənilir. Çalışdığım Erciyes Universitetində Azərbaycanın multikultural dəyərləri magistr səviyyəsində tədris olunur. Həmin dərsi mən tədris edirəm. Azərbaycan tarixinə  isə  ümumi  türk tarixindən təcrid olunan şəkildə baxılmır. Elmi baxımdan çox ciddi araşdırmalar var. Deyərdim ki, Azərbaycandakı tədqiqatlardan daha səviyyəli əsərlər ortaya qoyulur”.

Qafar müəllim Azərbaycan dili,ədəbiyyatı və tarixi ilə bağlı dərs vəsaitlərinin azlığını vurğulayıb:

“İndi internet əsridir. Kimə nə lazımdırsa, internetdən yükləyib, istifadə edir. Əlbəttə, başqa ölkələrdə tədris üçün vəsaitlər hazırlansa yaxşı olar.Azərbaycanı tanıtmaq üçün ciddi bir proqram olmalıdır”.