Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-22 13:50:00
 Boş qalan yerlərə ərizə verənlərin ən böyük səhvi – ""Özəl”ləri seçməkdən qorxurlar"

 

“II turda boş qalan plan yerləri ötən illərlə müqayisədə çox azdır. Düşünün ki, qalan yerlərin də çoxu ödənişli əsaslarla idi. Bu, onlara çox çətinliklər yaratdı”.

Bu sözləri AzEdu.az-a təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.O, ali təhsil müəssisələrinin  boş qalan plan yerlərinə seçim zamanı şagirdlərin üzləşdikləri əsas çətinlikləri dilə gətirib:

“Ali məktəbə qəbul imtahanlarının I turunda nəticəsi yüksək olsa da, düzgün seçim etməyən abituriyentlər oldu. 300, 400, hətta 600-dən çox bal toplayan abituriyentlər düzgün seçim etmədiklərinə görə qəbul oluna bilmədilər.  II turda isə həmin şəxslər üçün müvafiq ixtisaslar qalmamışdı. Məsələn, bir nəfər 602 bal toplayıb. Bu nəticə ilə dövlət universitetlərində yaxşı ixtisaslara qəbul oluna bilərdi. Amma özəl universitetlərdən birinə düşüb.

Digər tərəfdən abituriyentlər topladıqları ballara uyğun ixtisaslar seçmədilər. Məsələn, abituriyent ilk sırada Dağ mədən mühəndisliyi, daha sonra isə Kimya mühəndisliyi ixtisasını qeyd edib. Düzgün  sıralama etmədiyi üçün 300 bal toplayaraq, ilk sırada yazdığı ixtisasa düşüb. Amma o ixtisas üzrə təhsil almaq  istəmir.  Çünki, seçim edərkən bu ixtisas barədə ümumiyyətlə, məlumatı olmayıb. İndi xəbər tutub ki, bu, ona uyğun ixtisas deyil və Kimya mühəndisliyinə  qəbul oluna bilərmiş. 

Belə çətinliklə üzləşmələrinin səbəbi düzgün sıralama etməmələri və ixtisas barədə məlumatlı olmamaları idi. Onlar I turda qəbul olunsalar da, II turda da iştirak etmək istəyirdilər. Amma belələri II tura buraxılmırlar.

Bir də II turda boş qalan plan yerləri ötən illərlə müqayisədə çox azdır. Düşünün ki, qalan yerlərin də çoxu ödənişli əsaslarla idi. Bu onlara çox çətinliklər yaratdı”.

O, bir sıra özəl universitetlərdə xeyli plan yerinin boş qalmasının səbəblərini izah edib:

“Təəssüf  ki,  bizdə həm abituriyent, həm də valideynlərdə  özəl  universitetlərə maraq həddindən artıq azdır. Çünki  bir  neçə  universitetin bağlanması onlarda qorxu yaradıb. Qafqaz Universiteti, Təfəkkür Universiteti, daha əvvələ getsək, Beynəlxalq Universitetin bağlanması onları  şübhəyə salır.  Hətta bir ara Odlar Yurdu Universitetinin bağlanacağı barədə də söhbətlər dolaşırdı. Bunlar abituriyent və valideynlərdə qorxu yaradıb.  Düşünürlər ki, birdən universitet bağlanar,  övladım çöldə qalar”.

Onun sözlərinə görə, buna baxmayraq,  bu gün Xəzər Universiteti və Qərbi Kaspi Universiteti kimi özəl ali məktəblərə maraq həddindən artıqdır:

“Bu, keyfiyyətli təhsillə bağlıdır. Bundan başqa dünya universitetlərinin reytinq sıralamasında Azərbaycanı təmsil edən yeganə ali təhsil müəssisəsi Xəzər Universitetidir.  Qərbi Ksapi Universitetində isə Erasmus, Mövlana proqramları var və xaricdə təhsil  imkanları genişdir.  Bu səbəbdən bu universitetlərdə boş plan yerləri az qalır.

Valideynlər  həm də iş imkanları baxımından narahatdırlar. Düşünürlər ki,  uşaq özəl universiteti bitirib harada işləyəcək? Amma dar məqamda, abituriyent qəbul olunmadıqda,  təbii ki, əlacsız qalıb,  bu ali təhsil müəssisələrini  də  seçməli olurlar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları