Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-22 09:00:00
Qızı ilə birlikdə eyni fakültəyə qəbul olunan ata:  “Gözüm zəif gördüyündən bir-iki sualı səhv oxudum”

Kərəm Süleymanov: “Universitetə daxil olmaq mənim üçün dünyada ən asan işdir”

 Builki qəbul imtahanlarında daha bir maraqlı hal yaşanıb. Kərəm Süleymanov və qızı Nərgiz Süleymanova I ixtisas qrupu üzrə imtahan verərək Bakı Dövlət Universitetinin İnformatika ixtisasına qəbul olublar. Ata ilə qızının eyni vaxtda imtahan verərək, eyni fakültəyə daxil olması, təbii ki, qeyri-adi hallardan sayılır.  

Ata – Kərəm Süleymanov AzEdu.az-a açıqlamasında ilk dəfə olaraq, həm bu, həm də başqa maraqlı faktlara toxunub.

O, əvvəlcə bildirib ki, həm sərbəst hazırlaşıb, həm  qızı Nərgizi də özü hazırlaşdırıb:

“Yay imtahanında iştirak edib, ikimiz də eyni universitetə, istədiyimiz ixtisasa qəbul olduq. Özüm neçə illərdir, abituriyent hazırlaşdırıram. İxtisasca müəllim deyiləm, amma qızımı fizika, kimya və riyaziyyatdan özüm hazırlaşdırmışam. Azərbaycan dilini özü oxuyub, bir ingilis dilindən hazırlığa gedib. Özüm isə xarici dil kimi rus dilini seçmişdim. Səhhətimdə problem olduğu üçün istədiyim balı toplaya bilmədim. Bir neçə dəfə universitetə qəbul olmuşam. Texnologiya Universitetini bitirmişəm. İxtisasca da  mühəndisəm. Universiteti bitirdikdən sonra o zaman Az Tv –də məşhur olan “Maraq və məntiq” verilişində dəfələrlə iştirak etmişəm, suallarım olub. Sonradan veriliş dayandırıldı. Daha sonrasa, BDU-nun Riyaziyyat fakültəsinə daxil oldum. Lakin cəmi 6 ay oxuya bildim. Atam xəstə olduğu üçün, evdə kömək lazım idi deyə, təhsilimi yarımçıq qoydum.

1 il sonra  isə Tibb Universitetinə daxil oldum. Təhsil Nazirliyinin qəbulunda olmuşam. Bir şüarım var: Hər kəsə qabiliyyətinə görə qiymət verin! Ola bilər, indi BDU-nu qırmızı diplomla bitirmiş şəxs müəllim işləsin, amma o, təkrar öz ixtisasına qəbul olmaya bilər. İnsanlara  əməyinə, bacarığına görə qiymət verin. Test banklarında, orta məktəb dərsliklərində dəfələrlə səhvlər tutmuşam. Bəzilərini deyəndən sonra düzəliş olub”.

Ata deyib ki, qəbul imtahanlarında məqsədi 600-dən yuxarı bal toplamaq olub:

“Həm səhhətimdə problemə, həm də yorğun  olduğuma görə, nəticəm aşağı oldu. Riyaziyyat, fizika, kimyadan 95% sualı yazmışdım. Hətta bir-iki sualda gözüm zəif gördüyündən səhv oxumuşdum. Keçən il də qızımla qəbul olmuşduq. Nərgiz riyaziyyata düşdüyü üçün daxil olsa da, oxumadı. Amma bu il  təhsilini davam etdirəcək. O, bacarıqlı uşaqdır, yüksək nəticə də əldə bilərdi. Kənddə böyüyüb, bir az sıxıntı keçirən, qapalı qızdır”.

K.Süleymanov özünün universitetdə tələbə kimi  oxumasının müəyyən  problemlər də  yaradacağını düşünür:

“Dəfələlərlə qəbul olmuşam, mənim üçün universitetə qəbul olmaq həyatda ən asan işdir. İndiyə kimi 300-dən artıq hazırlaşdırdığım abituriyent olub. Savadlı, dünyagörüşlü olmağımda anamın atası Xasay müəllimin böyük rolu var. O, Ağdamda riyaziyyat müəllimi olub. VII sinifdə oxuyanda mənə dərs deyib. Ana -ata tərəfdə də hamı oxuyan olub. Nizami Gəncəvinin bir sözü var:

“Qüvvət elmdədir, başqa cür heç kəs,

  Heç kəsə üstünlük eyləyə bilməz” .

Məhəmməd Peyğəmbərin də gözəl kəlamı var: Beşikdən qəbrədək elm öyrənin. Elmli insandan ziyan çəkmərik”.

Kərəm bəy həmçinin, qeyd edib ki, özündən kiçiklərlə və qızıyla eyni auditoriyada  oxuyacağını bir az qəbul edə bilmir....