Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-11 14:35:00
Repetitorluğu gücləndirən səbəb - Nazirliklə DİM təcili bu addımı atmalıdır-TƏKLİF

 

 

Son keçirilən buraxılış imtahanlarında yaranan problemlərdən sonra bir çox şəxs proseslərin Dövlət İmtahan Mərkəzindən alınıb Təhsil Nazirliyinə verilməsini təklif edib.

 

AzEdu.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib:

 

Təhsil jurnalisti Niyazi Şərifsoy qeyd edir ki, imtahan prosesini Dövlət İmtahan Mərkəzi həyata keçirsə, daha məqsədəuyğun olar:

 

“Dövlət İmtahan Mərkəzi qəbul prosesinin həyata keçirilməsində böyük təcrübəyə malikdir. O, illərdir ki,  özünü bu sahədə təsdiq edib. Uzun müddətdir ki, həmin işin öhdəsindən gəlir, lakin bəzi vaxt  çatışmazlıqlar yaşanır. Amma bu, o demək deyil ki,  qəbul prosesi  Təhsil Nazirliyinin tabeliyinə keçsin. Belə ki, orta məktəb proqramı Təhsil Nazirliyi tərəfindən hazırlanır, onun    özünün imtahan həyata keçirməsi düzgün olmazdı. Buna  başqa qurum nəzarət etsə, daha yaxşı olar.

 

Açıq tipli test tapşırıqları ilə bağlı problemlər yaranır. Məsələ ilə əlaqədar ictimaiyyətdə də fikirlər səslənməkdədir. Bu gün bir qədər ənənəvi təhsildən kənarlaşmışıq. Daha çox şagirdyönümlü bilik və bacarıqlar istiqamətinə yönəlmişik. Bu,  şagirdlərdən daha çox  düşüncə və dünyagörüşü qabiliyyəti tələb edir. Bu gün o təhsilimizin məzmunu bundan ibarətdir, lakin istəyərdim ki, suallar açıq tipli olsun. Onların yoxlanılması  zamanı daha məsuliyyətli və diqqətli olsalar, müsbət nəticə əldə etmək olar”.

 

Qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi imtahanların Təhsil Nazirliyinə verilməsinin əlavə yük olacağını vurğulayıb:

 

“DİM uzun müddətdir ki,  imtahanların keçirilməsi istiqaməti üzrə ixtisaslaşıb. Ölkəmizdə yalnız ali təhsil müəssisələrinə qəbul deyil,  digər imtahanların təşkili də DİM-in ixtiyarındadır. Bura publik hüquqi şəxs statusuna sahib olduqdan sonra  digər imtahanların keçirilməsini də təmin edə bilir. Lakin imtahanların Təhsil Nazirliyinə verilməsi əlavə yük yaradacaq. Çünki nazirlik hazırda  müxtəlif istiqamətlər üzrə funksional  işlərin aparılmasını təmin edir, əlavə imtahanların  keçirilməsi  səmərəlilik baxımından effektiv olmayacaq. Biz həmin dəyişiklikdən nəsə əldə edə bilməyəcəyik. Ötən il Təhsil Nazirliyinin həyata keçirdiyi  müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsində baş verən problemləri nümunə göstərmək olar. Müəllim namizədlər imtahandan sonra dəfələrlə şikayət etdilər. Onlar istər vaxt, istərsə də,  test tapışırıqları baxımından şikayətçi idilər. Buna paralel olaraq DİM  bakalavr və digər təhsil pillələri üzrə imtahan  həyata keçirdiyi üçün bunun başqa quruma verilməsi əlavə yük olacaqdır. Lakin  DİM-lə Təhsil Nazirliyi paralel və müştərək şəkildə  işləməlidir.  Bu yolla effektiv nəticə əldə etmək olar. Paralel olaraq qəbul imtahan  formatı dəyişdirilməlidir. Biz  formatını  dəyişərək yeniləşdirməliyik. Çünki tədricən kurikulum sisteminə keçid nəticəsində  imtahanlar nəticələrinin  ötən illərə nisbətən  ürəkaçan olmaması, şagirdlərin özlərinə müxtəlif xəsarətlər yetirməsi  kimi amillər müşahidə edilir. Bu, da bizə əsas verir ki, imtahan formatını dəyişməliyik. Vahid proqram Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılmalıdır. Onlar bir proqram üzərindən çıxış etməlidilər. Bu şəkildə pərakəndəliyin də qarşısı alınacaq. Təhsil Nazirliyi və DİM proqramı  arasında olan fərqliliklərin mövcudluğu  nəticədə şagird və abituriyentlərin  repetitorlara üz tutmasına gətirib çıxarır. Orta ümumtəhsil məktəblərində verilən dərslər kifayət etmir, bu da bir növ kölgə təhsilinin  inkişaf etməsinə imkan verir. Ona görə də DİM-in ləğv edilməsini düzgün hesab etmirəm. Məzmun və forma dəyişməsə, müsbət heç nə əldə olunmayacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları