Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-25 10:21:00
Magistraturaya qəbulda nələr dəyişəcək?-“İkinci mərhələ daha rahat olacaq”

 

 

2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başlayıb.

 

Keçən il imtahanların ilk mərhələsi ikinci mərhələ ilə müqayisədə uğursuz keçmişdi. Belə ki, çox tələbə az bal toplamışdı. Bəs bu il gözləntilər nələrdir? Magistratura imtahanlarının strukturunda hansı dəyişikliklər olmalıdır?

 

Təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bildirib ki, bu gündən etibarən magistraturaya elektron ərizə qəbulu başlandı:

 

“Burada həm Azərbaycan Respublikası ali təhsil müəssisələrinə, həm də Azərbaycan Milli Elmlər Akademiyasınn magistratura pilləsi üzrə qəbul imtahanı üçün bakalavrlar müvafiq ərizə qəbulunda iştirak edə bilərlər. Bilirsiniz ki, ötən il ərizə qəbulunda 15653 nəfər Azərbaycan, 1444 nəfər rus bölməsi olmaqla 17097 nəfər ümumi iştirak edən var idi. Onların da içindən 10307 nəfər cari ilin bakalavr pilləsini bitirənlər, 6790 nəfər isə əvvəlki illərin məzunları idi.

 

Bu il də yenə eyni qaydada gözlənilir ki, daha çox müraciət cari ildə, yəni 2023-cü ildə bakalavr pilləsini bitirənlərdən olsun. Əvvəlki illərin məzunlarından isə bu istiqamətdə ərizə qəbulu verənlərin sayında artım gözlənilir”.

 

 

Ekspertin sözlərinə görə, son illərdə, ümumiyyətlə, magistratura istiqamətində müraciət edənlərin sayı artıb:

 

“Bunun səbəbi isə məhz imtahan formatının dəyişməsi ilə bağlıdır. Əvvəl birinci mərhələ məntiq, informatika və xarici dil ilə yanaşı ixtisasdan da imtahan verilirdi. İndi isə ixtisas imtahanı ləğv olunub, ancaq məntiq, informatika və xarici dildən imtahan verib ümumi 100 ballıq cədvəl üzrə müvafiq balı toplayaraq müsabiqə şərtini ödəyirlərsə, ixtisas seçimində iştirak edirlər. Qeyd edim ki, ümumiyyətlə, formatda və ya ümumi imtahan strukturunda hər hansısa bir dəyişiklik, hələ ki, olmasa daha yaxşıdır. Çünki artıq bu sistem üzrə bakalavrlar imtahan qaydalarına uyğunlaşa bilirlər. Sadəcə, ingilis dili ilə bağlı, ola bilsin, müəyyən bir dəyişiklik baş verəcək. Bu barədə isə DİM-dən, yəqin ki, açıqlama veriləcək. Amma ümumi strukturun belə qalmağı daha məqsədəuyğundur”.

 

E.Əfəndi bu fikirdə olmağının səbəblərini belə açıqlayıb:

 

“Bu fikirdə olmğımın səbəbi odur ki, 2021-ci ildə 50 baldan yuxarı nəticə göstərənlərin sayı 10768 nəfər idisə, ötən il bu say 10864 nəfər olub. 2021-ci ildə 5376 nəfər, 2022-ci ildə isə 5710 nəfər 60 baldan yuxarı nəticə göstərib.

 

Eyni zamanda, 2021-ci ildə 1938 nəfər 71 baldan çox bal toplayıb, 2022-ci ildə isə bu göstərici 2245 nəfər olub. 2021-ci ildə 81 və 91-dən yuxarı bal toplayanların sayı da ötən il ilə müqayisədə daha aşağı olub. Müvafiq olaraq, 81 baldan yuxarı toplayanların sayı 2022-ci ildə 593, 2021-ci ildə 392, 2022-ci ildə 91 baldan yuxarı toplayanların sayı 74, 2021-ci ildə isə 35 nəfər olub.

 

Gördüyümüz kimi, rəqəmlərdə artım var, bu artım da onu deməyə əsas verir ki, artıq bakalvrlar bu imtahan prosesinə daha rahat hazırlaşa bilirlər. Məncə, hal-hazırda, imtahan strukturunda hər-hansısa bir dəyişikliyə ehtiyac yoxdur. Bu ilki gözləntilərə gəldikdə, yenə ballarda artım gözlənilir. Düşünürəm ki, xüsusi olaraq, yüksək bal toplayan bakalavrlar çox olacaq. Bu da ümumi ixtisaslar üzrə keçid ballarının bir qədər artımı ilə nəticələnəcək”.