Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-02 14:32:00
“Hazırda Ukraynaya edilən dəstəyi təəssüf ki,biz Vətən müharibəsində görmədik”-Xaricdəki tələbələrimiz/SORĞU

 

Ukraynadakı vəziyyətlə əlaqədar sadəcə bölgədə deyil, bir çox dünya ölkələrində narahatlıq hiss olunur.

 

Davam edən müharibə ilə bağlı müxtəlif təşkilat və birliklər, həmçinin ölkə rəhbərləri, müxtəlif xalqlar Ukraynaya öz dəstəklərini ifadə edirlər. Həmçinin Rusiyada da əhalinin bir qisminin müharibə ilə bağlı etirazları müşahidə olunur.

 

Bəs ümumilikdə vəziyyət necədir? Dünya ölkələrinin əhalisi nə düşünür, hansı addımları atır?

 

AzEdu.az müxtəlif ölkələrin əhalisi və tələbələrinin məsələyə yanaşmasını öyrənmək məqsədilə xaricdə təhsil alan azərbaycanlılar arasında keçirilən sorğunu təqdim edir.

 

Türkiyənin Ankara Universitetində Baytarlıq ixtisası üzrə I kurs tələbəsi Oğuzxan Pənahlı vətəndaşlarla yanaşı, orada təhsil alan azərbaycanlı tələbələrin də Ukraynaya aktiv dəstək olduğunu bildirib:

 

 

“Hazırda vəziyyət olduğu kimi qaydasındadır. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbilə dolların qalxdığı düşünülür. Necə ki, bizdə 1990-cı il hadisələri oldu, indi də təəssüf ki, Ukraynanın “20 Yanvar”nın şahidi oluruq. Vətən müharibəsində Ukrayna Azərbaycana öz dəstəyini ifadə etdiyi kimi, Türkiyədəki azərbaycanlılar və azərbaycanlı tələbələr də Ukraynaya dəstəyini bildirir. Hətta öz aramızda yarım üçün pul toplayırıq, eyni zamanda ailələrimizlə əlaqə saxlayırıq, onlar daAzərbaycanda əllərindən gəldiyi qədər ərzaq, lazımı əşyalarla bağlı yardımları çatdırırlar. Burada insalar müharibəni pisləyir, Ulraynanın mövqeyini haqlı hesab edildiyini və onlara dəstək olduqlarını bildirilər. Müharibəni qınayır və işğalçı tərəfi haqsız hesab edirik”.

 

Amerikanın Minerva Universitetinin tələbəsi, hazırda tədris semestri Cənubi Koreyanın paytaxtı Seulda davam edən Emil Rüstəmli universitet kollektivi və Seul əhalisinin hadisələrə yanaşmasını qeyd edib:

 

 

“Ukraynalılar Minervanın böyük hissəsini təşkil edir. Odur ki, müharibənin ilk günündən həm rəhbərlik, həm də professorlar gündəlik öz dəstəklərini göstərirlər. Tələbələr də öz yoldaşlarının yanındadır. Hamı Ukraynanın bu müharibədə haqlı tərəf olduğunu anlayır və Seuldakı mitinqlərə qatılaraq öz dəstəyini nümayiş etdirir”.

 

Estoniyanın Tartu Universitetinin Biznesin təşkili və idarə edilməsi üzrə yeni məzun olmuş, hazırda həmin ölkədə olan Hökümə Məmmədzadə insanlarla yanaşı təhsil müəssisəsinin də mövqeyini bildirərək, eyni münasibətin Vətən müharibəsində bizə qarşı göstərilmədiyi üçün təəssüfləndiyini bildirib:

 

 

“Burada Ukraynaya hər cür dəstək göstərilir. Universitetdə də həmçinin bu istiqamətdə addımlar atılıb,rəsmi səhifədə belə bununla bağlı paylaşım edilib. Yəni insanlar bu ölkəyə dəstəklərini açıq şəkildə ifadə edirlər. Açığı bu istiqamətdə çox da danışmağın tərəfdarı deyiləm. Çünki zamanında biz haqlı tərəf olaraq eyni münasibəti görə bilməmişdik. O zaman bizi eşidib, görməyən insanların hazırda belə konkret şəkildə mövqelərini bildirmələri qəribədir”.

 

Hazırda İtaliyada Luiss Guido Carli Universitetində Beynəlxalq Münasibətlər üzrə magistratura pilləsinin II kurs tələbəsi Həmidə Nəsirova orada Ukraynaya dəstəklə bağlı keçirilən aksiyalarda azərbaycanlı tələbələrin də aktiv iştirak etdiklərini bildirib:

 

 

“Hər kəs Rus işğalçılığının, müharibənin dayandırılmasını istəyir və Ukraynanı dəstəkləyir. Hətta mərkəzdə Ukraynaya dəstəklə bağlı aksiya keçirildi. Mən və dostum iştirak etdik, lakin başqa azərbaycanlılar da vardı, bayrağımızı qaldırmışdılar. Başqa millətdən də insanlar vardı. Bəli, bəzi italyan qrup yoldaşlarım da Ukraynaya dəstək aksiyasının davamını və orda iştirak etməyi istəyirlər”.