Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-26 10:40:00
Polşada İT üzrə çalışan azərbaycanlı mütəxəssis Avropada təhsil almaq istəyən soydaşlarımıza SƏSLƏNDİ

 "Elmi sahədə fəaliyyət mənimçün ən azı peşəkar karyeram qədər önəmlidir”

Polşada İT üzrə treninq sahəsində fəaliyyət göstərən “Advised Skills” şirkətində rəqəmsal marketinq üzrə mütəxəssis olaraq çalışan azərbaycanlı gənc Elnur Nəbivi belə deyib.

"Demokratik ailədə doğulmuşam. Valideynlərim heç vaxt öz istəklərini diktə etməyiblər. Seçimlərimə həmişə hörmət ediblər və mənə uşaqlıqdan qərarlarımı özüm almalı olduğum öyrədilib. Hər qərarımda da məni dəstəkləyiblər. Bu baxımdan hesab edirəm ki, şanslı ailədə doğulmuşam” – deyir. Bu gün öz inkişafında valideynlərinin rolunun əvəzolunmaz olduğunu düşünür. Söhbət Polşada İT üzrə treninq sahəsində fəaliyyət göstərən "Advised Skills” şirkətində rəqəmsal marketinq üzrə mütəxəssis olaraq çalışan azərbaycanlı gənc Elnur Nəbividən gedir. Elnur həm də Polşanın Varşava Universitetinin doktorantura tələbəsidir. Qeyd edək ki, Elnur Nəbivi 1995-ci ildə Mingəçevirdə anadan olub. Türkiyənin Qazi Universitetində biznesin idarə edilməsi üzrə bakalavr, marketinq üzrə isə magistr təhsili alıb.

- Elnur bəy, Azərbaycanda ödənişsiz bakalavr təhsili qazansanız da, imtina edib Türkiyəyə təhsil üçün getmisiniz. Söhbətə elə bu seçimin səbəbləri ilə başlayaq.

  • Xaricdə reytinqli universitetlərin birində oxumaq uşaqlıqdan arzum olub. Amma o vaxt Avropaya getmək həm maddi, həm də dil baxımından mənim üçün çətin idi. Türkiyəyə isə Avropa ilə müqayisədə bir az rahat idi. Həm də Mingəçevir Türk liseyində oxuduğum üçün Türkiyə universitetlərinin qəbul şərtlərinə bələd idim. Universiteti Türkiyədə oxumaq istəyirdim. Alternativ olaraq hər abituriyent kimi mən də Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanına hazırlaşdım və İqtisad Universitetinin dünya iqtisadiyyatı ixtisasına dövlət sifarişi ilə qəbul oldum. Türkiyədə müraciət etdiyim universitetin cavabı gec çıxdığı üçün İqtisad Universitetində qeydiyyatdan keçib dərslərə başladım. Qazi Universitetindən qəbul cavabını aldıqdan sonra isə sənədlərimi götürüb Ankaraya yollandım- Bakalavr təhsili dövründə alınan təhsillə yanaşı, bu dövrü necə keçirmək də önəmlidir. Tələbəlik illərini necə keçirdiniz?

    - Universitetlər mənə görə yalnız ixtisas öyrənmək yeri deyil, həm də universitetdə olan digər imkanlardan yararlanmaq lazımdır. Bəzən universitetlərdə təşkil olunan seminarlar dərslərimlə üst-üstə düşürdü. Bu halda belə dərslərin yerinə daha çox seminara qatılmağı seçirdim. Mənim üçün universitetdə olan fəaliyyətlərə qatılmaq ən az dərslər qədər önəmlidir. Bu fəaliyyətlər həm karyeram, həm də şəxsi inkişafım üçün aktiv rol oynayır.

    - Tələbəlik dövründə aktivliyinizlə bağlı nələri misal çəkə bilərsiniz?

    Bakalavr təhsil müddətində müxtəlif tələbə təşkilatlarında aktiv rol almışam. Tələbə mübadilə proqramları ilə bir semestr Makedoniyada, bir semestr Belçikada təhsil aldım. 3-cü kursda o vaxtkı Türkiyə Avropa Birliyi Nazirliyində (sonradan bu nazirlik ləğv edilib Türkiyə Xarici İşlər Nazirliyinə birləşdirildi) ixtisasım üzrə təcrübə keçmişdim. 4-cü kursa gəldikdə isə Avropa Könüllülük Xidməti (EVS) proqramı vasitəsilə 6 ay müddətində Macarıstanda gənclər və uşaqlarla bağlı müxtəlif layihələrdə könüllü kimi işlədim.

- Avropada iş tapmağınız necə oldu?

- Türkiyədə magistr təhsilimə başlayanda hansı sahədə çalışmaq istədiyimə qərar vermişdim. Birinci kursda Ankarada rəqəmsal marketinq üzrə bir reklam şirkətində təcrübəçi kimi işlədim. İlk ilin sonunda "Erasmus” təcrübə proqramı ilə Belçikada özəl şirkətlərin birində marketinq üzrə təcrübə keçdim. Uzun müddət idi ki, müxtəlif proqramlarla Avropaya gedib-gəlirdim və magistr təhsilimin sonunda Avropaya köçməyə qərar verdim. 2019-cu ilin əvvəlində AİESEC "Global Talent" proqramı ilə Polşanın Vrotslav şəhərində ixtisasım üzrə bir şirkətdə işləməyə başladım. Bu proqram yeni məzun gənclərin ixtisasları üzrə müxtəlif ölkələrdə bir ilə qədər işləmələrinə imkan verir. Bir neçə həftə işlədikdən sonra menecerim uzunmüddətli əməkdaşlıq təklif etdi və şirkətdə daimi işçi kimi işləməyə başladım.

- Azərbaycanda xaricdə təhsil şirkəti qurmusunuz…

-  Xaricdə olduğum üçün həmişə tanışlarım "Təhsil üçün necə gələ bilərik” kimi suallar verirdilər, əlimdən gəldiyi qədər kömək edirdim. Daha sonra dostlarımın tövsiyəsi ilə tanışları da yazmağa başladı və bu müraciətlər gedərək çoxaldı. Mən də prosesi aşağı-yuxarı bilirdim. Ona görə İsveçrədə təhsil alan yaxın dostumla Bakıda bu işi rəsmi şəkildə qurduq. Mərkəzimiz başda Polşa olmaqla Avropanın bir çox ölkəsində tələbələrin təqaüdlü təhsil almasında köməklik göstərir. Şirkəti qurduğumuz bir ildir, artıq on beş tələbənin xaricdə təhsil almağına vəsilə olduq.