Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-17 10:02:00
BMU tələbələri məlumat turunda iştirak ediblər  

Bakı Mühəndislik Universitetinin (BMU) tələbə və müəllim heyəti “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil olunan məlumat turunda iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, Bakı şəhərində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən işlərlə tanış olan tur iştirakçılarına Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Balaxanı Sənaye Parkı və Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların idarə olunması, həmçinin təkrar emal prosesi haqqında məlumat verilib. Bildirilib ki, 2012-ci ildən fəaliyyət göstərən Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu ölkədə təkrar emal müəssisələrini xammalla təmin edən ən böyük zavoddur.

 

Tullantıların yandırılması prosesini izləyərkən tələbələrin nəzərinə çatdırılıb ki, Bakı bərk məişət tullantılarının yandırılması zavodu ən müasir ekoloji tələblərə cavab verir və tullantıların yandırılması nəticəsində yaranan dib külündən yol tikintisində istifadə oluna bilər.

 

İştirakçılar tur çərçivəsində Balaxanı Sənaye Parkına gələn tullantıların təkrar emalı prosesini müşahidə ediblər, tullantıların təkrar emalının qazandırdığı üstünlüklərlə bağlı fikir mübadiləsi aparıblar.

 

Sonda “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.