Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-09 16:59:00
BMU-da Ümummilli Liderin anım gününə həsr olunmuş tədbir keçirilib  

Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) BMU ərazi ilk partiya təşkilatı ilə birgə gerçəkləşdirilən tədbirdə öncə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyevin həyat və fəaliyyətinə aid videoçarx nümayiş olunub.

 

Konfransda çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edib.  Rektor bildirib ki, Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizi zamanın sərt və ağır sınaqlarından çıxardıb, xalqın ictimai-siyasi, həmçinin mədəni həyatının bütün sahələrində dirçəliş baş verib.

 

Havar Məmmədov Azərbaycan xalqının israrlı tələblərindən sonra ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndərin ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdiyini vurğulayıb. Heydər Əliyevin zəngin həyat və idarəçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkəmizdə möhkəm daxili ictimai-siyasi sabitliyin bərpa olunduğunu qeyd edən rektor Ümummilli Liderin iqtisadiyyat, ordu quruculuğu, elm, təhsil və s. sahələrdə həyata keçirdiyi işləri nəzərə çatdırıb.

 

Bugünkü qüdrətli Azərbaycanın əsasını ulu öndər  Heydər Əliyevin qoyduğunu deyən rektor Ümummilli Liderin layiqli davamçısı, siyasi varisi İlham Əliyev cənablarının 18 illik Prezidentliyi dövründə ölkəmizin sürətli inkişaf yolu keçdiyini və bu dövrdə əldə olunan möhtəşəm nailiyyətlərin zirvəsində 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbənin dayandığını bildirib. Ümummilli lider Heydər Əliyevin “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” fikirlərini xatırladan Havar Məmmədov Azərbaycan xalqının bu tarixi bəyanatın gerçəkliyinin bir daha əyani şahidi olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildən çox davam edən işğala son qoyulması nəticəsində müstəqil Azərbaycan dövlətinin qarşısında duran bir nömrəli vəzifənin yerinə yetirildiyini fikirlərinə əlavə edən rektor bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan  inkişaf yolunun bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.

 

Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətlərini özündə əks etdirən məruzə ilə çıxış edib. Heydər Əliyevin dünyamiqyaslı siyasətçi olduğunu vurğulayan millət vəkili Ulu Öndərin liderlik xüsusiyyətlərini sadalayıb. Vətəninə bağlı Ümummilli Liderin həmişə sadə xalqın içində olduğunu tarixi faktlar və nümunələrlə tədbir iştirakçılarının diqqətinə çatdıran Z.Oruc bu gün qalib xalq olmağımızın, tarixi qələbəmizin kökündə Heydər Əliyev siyasətinin dayandığını bildirib.

 

BMU-nun Tərbiyə işləri üzrə prorektoru, YAP BMU ərazi ilk partiya təşkilatının sədri Bayram Hüseynzadə çıxışında bütövlükdə bəşəriyyət tarixində böyük rol oynamış tarixi şəxsiyyət Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətlərini vurğulayıb. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni bir səhifə açıldığını deyən prorektor Ulu Öndərin 1990-cı illərin əvvəllərində ölkəmizin xilası üçün atdığı addımlara toxunub, görkəmli şəxsiyyətin respublikamıza ikinci rəhbərliyi dövründə Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə çıxardığını bildirib.  Bu gün ölkəmizin dünyada söz sahibinə çevrilən qüdrətli, qalib dövlət olduğunu deyən B.Hüseynzadə bildirib ki, Azərbaycan dövləti həmişə var olacaq və ulu öndər Heydər Əliyevin dediyi kimi, əbədiyyətə qədər yaşayacaqdır.

 

BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Rayaxanım Ağazadə ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. O, Ulu Öndərin hər zaman gənclərə diqqət və qayğı ilə yanaşdığını bildirib, həmçinin dahi şəxsiyyətin Azərbaycan gəncliyinin formalaşmasına yönəlmiş mühüm addımlarını vurğulayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi