Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 17:25:00
“Qeyri-standart terapiya” layihəsi çərçivəsində art-terapiya təlimləri təşkil olunub  

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib olan “Qeyri-standart terapiya” layihəsi çərçivəsində Bakı şəhərində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı tam orta internat məktəbinin 8-12 yaş qrupuna daxil olan 15 şagirdi üçün art-terapiya təlimləri təşkil olunub.

 

Bu barədə AzEdu.az-a layihənin rəhbəri Aybəniz Pənahova məlumat verib. O bildirib ki, layihənin məqsədi valideyn himayəsindən məhrum olmuş 15 uşaqla art-terapiyaların keçirilməsdir. Art-terapiyalarda onların əylənərək problemlərinin həll olunması, aqressiya, narahatlıqlardan azad olub daha uyumlu olması, qabiliyyət və bacarıqlarının kəşf edilməsi, sosial adaptasiyanın artırılması, onlar üçün maneəsiz yaradıcı mühit yaratmaq nəzərdə tutulub.

 

Gil terapiyasında təlimçi keramika üzrə rəssam, müəllim Aytən Dadaşova şagirdlərə gil texnikasının özünəməxsus xüsusiyyətlərini, digər texnikalardan fərqlənən əsas cəhətlərini izah edib. Terapiya zamanı şagirdlərdə müxtəlif gil fiqur nümunəsi üzərində işləmək və qəlib nümunələri vasitəsilə daş tozdan kiçik fiqurlar hazırlamaq bacarıqları formalaşdırılıb. Gil - ruhumuzu qidalandırmağa və sakitləşdirməyə qadir bənzərsiz materialdır. Gilə əl ilə təmas edən uşaqlar daxilən sakitləşməklə yanaşı, lövhə üzərində sərbəst fiqurlar da hazırlayıblar. Sonra psixoloq İlahə Dadaşova ilə birgə fiqurları düzəldən zaman hiss etdikləri analiz olunub. Müəyyən edilib ki, bu proses onların “mən” konsepsiyasının pozitiv inkişafına təsir göstərir.

 

Musiqi terapiyası təliminin giriş hissəsində psixoloq İlahə Dadaşova uşaqlarla musiqi terapiyası ilə art-terapiyanın birləşməsindən ibarət olan oyun texnikasından istifadə edib. Uşaqlar musiqi vasitəsilə relaksasiya olunub.

 

Terapiyanın əsas hissəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xor artisti, musiqi müəllimi Afət Orucova və gitara müəllimi, gənc müğənni, yerli və beynəlxalq layihələrin təlimçisi Cəlal Cahangirov (Cəlal Baba) şagirdlərə müxtəlif musiqi nömrələri və mahnılar ifa ediblər. Uşaqların əhvallarını yüksəldərək həmin andakı duyğu və emosiyalarını sərbəst şəkildə hiss etmələrinə səbəb oldular. Musiqi ağrı hisslərini azaltmaq, əzələ tonusunu bərpa etmək, ümumi psixi-emosional tonusu artırmaq imkanına şərait yaratdığı üçün şagirdlərlə birlikdə müxtəlif mahnılar da ifa ediblər.

 

Terapiyanın sonunda şagirdlərə sertifikatlar verilib.