Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-13 11:12:00
 “7-ci sinifdən Bakı Ali Neft Məktəbində təhsil almağı hədəfləmişdim”-Prezident təqaüdçüsü
 
 
Turanə Oruc qızı Rəşidova 2004-cü ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 8 saylı tam orta məktəbin məzunudur. Buraxılış və qəbul imtahanlarında ümumilikdə 691,4 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olunub. Prezident təqaüdünə layiq görülən tələbələrdəndir. Kitab oxumağı həyatının bir parçası hesab edir. Gələcəkdə BANM-də müəllimə kimi çalışmağı arzulayır.
 
 
- Turanə, necə oldu ki, BANM-i seçdiniz?
 
 
- Bakı Ali Neft Məktəbi ilə ilkin tanışlığım 7-ci sinifdə oxuyanda olub. Anam müəllimədir və onun şagirdlərindən BANM-ə qəbul olunan bir nəfər məndə bu ali təhsil ocağına həvəs yaratdı. O, bu ali məktəbin yüksək təhsili barədə məlumat verdi və beləliklə, mənim BANM-ə marağım yaranmağa başladı. BANM haqqında eşitdiklərim buranın çox prestijli, nüfuzlu ali məktəb olması idi. Mən də bu ali məktəbə qəbul olunmağı qarşıma məqsəd qoydum.
 
 
- Bəs ixtisas seçimini necə etdiniz? Qəbul olduğunuz İnformasiya təhlükəsizliyi ixtisasına maraq necə yarandı?
 
 
- Mən əvvəllər Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçməyi düşünürdüm. Amma daha sonra bacarıqlarımı, biliyimi, qabiliyyətimi qiymətləndirdim və anladım ki, kompüter, riyaziyyat, informatika sahəsi mənə daha uyğundur. Bununla da İnformasiya təhlükəsizliyi ixtisasını seçdim.
 
 
-Qəbul imtahanlarına necə hazırlaşırdınız?
 
 
- Qəbul imtahanlarına hazırlığımız çox asan olmadı. İki il ərzində imtahanlara çox ciddi şəkildə hazırlaşdım. Təbii ki, bu dövrdə müəyyən stresslər, qorxular yaşadım. Amma həm sınaq imtahanlarında çox iştirak etməyim, həm də gündəlik dərslərimə yüksək səviyyədə hazır olmağım mənə çox kömək oldu. Bundan əlavə, imtahan vaxtı yaxınlaşdıqca daha çox təkrarlar edirdim. Buraxılış imtahanı rahat keçsə də, qəbul imtahanı bir qədər çətin oldu. Amma öhdəsindən yüksək səviyyədə gəlməyi bacardım.
 
 
 
- Siz həm də Prezident təqaüdünə layiq görülmüsünüz. Adınızı Prezident təqaüdçüləri siyahısında görəndə keçirdiyiniz hissləri bölüşməyini istərdik.
 
 
- Adımın Prezident təqaüdçüləri arasında olacağını bilsəm də, rəsmi açıqlamanı oxuyana qədər həyəcanlı idim. Siyahıda adımı görmək ilk növbədə mənim üçün böyük qürur idi. Düşünürəm ki, həm məktəbimin, həm valideynlərimin, həm də müəllimlərimin adını ucaltmağı bacardım.
 
 
-Artıq dərslərə başlamısınız. BANM haqqında ilkin təəssüratlarınız necədir?
 
 
-Mən həmişə BANM-də oxumaq istədiyimi deyəndə ilk reaksiya orada oxumağın çətin olduğu idi. Müəlimlərimiz dərslərə çox məsuliyyətli yanaşır, tələbkardırlar. Ümumiyyətlə, dərslərimiz dinamik keçir, maraqlı olur. Düzdür, tədris ingilis dilində aparıldığına görə bir qədər çətinliklərimiz var. Amma ümid edirəm ki, öhdəsindən gəlməyi bacararam. Bunun üçün çox çalışıram.
 
 
 
- Yüksək bal toplamaq istəyən abituriyentlərə nə məsləhət görərdiniz?
 
 
- Abituriyentlərə əsas məsləhətim səbirli olmaqdır. Çünki səbirli olanda bütün çətinliklər, qorxular, stresslərin öhdəsindən gəlmək mümkündür. Düşünürəm ki, insan özünü nə qədər təlaşa salsa, nə qədər çox qorxutsa, uğur bir o qədər ondan uzaqlaşır. Buna görə də, abituriyentlərə səbirli və özlərinə əmin, inamlı olmalı olmağı tövsiyə edirəm
 
 
 
-Gələcək hədəfləriniz nələrdir?
 
 
 
-Ən böyük arzularımdan biri anamın yolunu davam etdirərək müəllimə olmaqdır. Gələcəkdə Bakı Ali Neft Məktəbində müəllimə olaraq çalışmağı çox istərdim. Bu kollektivin bir parçası olmaq mənim üçün böyük qürur olardı.