Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-26 16:34:00
UNEC-in gənc əməkdaşı İsveçrədə tədqiqat aparacaq  

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin əməkdaşı, gənc siyasi tədqiqatçı, doktorant Nərgiz Hacıyeva 2021-2022-ci akademik tədris ili ərzində İsveçrə Konfederasiyasının beynəlxalq doktorantlar üçün ayırdığı rəqabətcil İsveçrə Hökuməti Mükəmməllik Təqaüdünün (Swiss Government Excellence Scholarship/Schweizerische Bundes-Exzellenz-Stipendien) doktorantura tədqiqat proqramı (Ph.D Research Fellowship) üzrə qalibi olub.

 

AzEdu.az xəbər verir ki, 194 ölkədən 2000-dən çox doktorant və tədqiqatçı arasında qalib olan Nərgiz Hacıyeva bir il müddətində sözügedən təqaüd proqramı çərçivəsində Avropanın top universitetlərindən biri olan İsveçrənin St. Gallen Universitetinin Siyasi iqtisadiyyat və siyasi elmlər məktəbində Avropa siyasəti və Cənubi Qafqaz beyin mərkəzinin rəhbəri tanınmış professor Dirk Lehmkuhlun elmi rəhbərliyi altında doktorantura tədqiqatını aparacaq.

 

N.Hacıyevanın dissertasiya mövzusu “Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə aparılmış qanunsuz idxal və ixracın iqtisadi-hüquqi qiymətləndirilməsi” adlanır. Dissertasiyanın məqsədi işğal dönəmində Qarabağ və ətraf rayonlarda Ermənistan tərəfindən həyata keçirilmiş qanunsuz fəaliyyətin araşdırılması, bu ərazilərdə idxal-ixrac prosesində Azərbaycanın üzləşdiyi mülkiyyət pozuntuları, malların, xidmətlərin və digər təbii sərvətlərin qanunsuz istismar həcmini təhlil etməkdir. Tədqiqat işi gələcəkdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində azad ticarətin qanuni təmin olunması, malların və xidmətlərin təşkili, mülkiyyət hüquqlarının iqtisadi cəhətdən nizamlanması və onlara məxsus olan malların qanunsuz ixracı və idxalı prosesinin qarşısının alınması üçün müvafiq iqtisadi, inzibati və icra tədbirlərinin həyata keçirilməsində mühüm töhfələr verəcək.(Azərtac)