Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-21 13:30:00
Rəssam olmaq istəyənlərin keçməli olduğu ağır mərhələlər – Qabiliyyət imtahanının çətin şərtləri

Xüsusi qabiliyyət tələb edən fakültələr V ixtisas qrupunda cəmlənib. Bu ixtisaslar “Abituriyent” jurnalında ulduz (*)  və ya qoşa ulduz ( **) işarəsi ilə qeyd olunur.

Ali təhsil müəssisələrində xüsusi qabiliyyət tələb edən ixtisaslar beş istiqamətə aiddir: təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xareoqrafiya sənəti, bədən tərbiyəsi və idman.

Memarlıq və dizayn ixtisasları isə xüsusi qabiliyyət tələb etmələrinə baxmayaraq, I ixtisas qrupuna daxildirlər.

Abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün sənədlərlə yanaşı, yaradıcılıq fəaliyyətlərinə dair işləri də təqdim etməlidirlər.  Qəbul İmtahanı Komissiyasında abituriyentlərin seçdikləri ixtisasa yararlılığı yoxlanılır və müsabiqədən uğurla keçənlər qeydiyyata alınırlar. Onların qəbul imtahanında topladıqları bal müsabiqə şərtlərinə uyğun olduqda, qabiliyyət imtahanlarına buraxılırlar.

Qabiliyyət imtahanında abituriyentlərin biliklərini xüsusi ekspertlər yoxlayır və dəyərləndirirlər. Mütəxəssislər isə təsadüfi seçilmir. DİM öncə mütəxəssislərin müvafiq qabiliyyət imtahanlarında iştirakını təmin etmək məqsədilə, müsabiqə elan edir. Müraciət edən ekspertlər müvafiq sahə üzrə ali təhsillə yanaşı, elmi dərəcəyə və ya ən azı 5 illik pedaqoji iş təcrübəsinə malik olmalıdırlar. Tələblərə cavab verən mütəxəssislər DİM-ə müsahibəyə dəvət olunurlar.

İmtahanda iştirak üçün ilk dəfə müraciət edən ümumi təhsil müəssisələrini bitirənlərin cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq. Növbəti dəfə müraciət edənlər isə müvafiq rüsum ödəməlidirlər. 

Xüsusi qabiliyyət tələb edən əsas istiqamətlərdən biri də rəssamlıqdır. Bu sahənin kadrları müvafiq universitet və kolleclərdə də hazırlansa da, eyni istiqaməti seçən çox abituriyentin arzusu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasıdır. Əksər abituriyentləri isə rəssamlığa qəbul olunmaq üçün verilən qabiliyyət imtahanları maraqlandırır.

Qabiliyyət imtahanları üç mərhələli keçirilir. Hər mərhələnin ixtisaslara uyğun olaraq dəyişən xüsusi proqramı olur.

 Azedu.az rəssamlıq təhsili üçün tələb olunan qabiliyyət imtahanlarının proqramını təqdim  edir:

Dizayn fakültəsinə qəbul olunmaq istəyənlər qabiliyyət imtahanı zamanı a2 ölçülü vatmanda qara qələmlə gips baş rəsmi, II imtahanda isə eyniölçülü vərəqdə akvarel ilə natürmort çəkməlidirlər.III imtahanda müxtəlif texnikalardan istifadə oluna bilər. Belə ki, bu mərhələdə a3 ölçülü vatmanda akvarel, quaş, rəngli təbaşirlər, flomaster, gel və qələmlərdən istifadə etmək imkanı verilir. Bu zaman kompozisiyaya önəm verilir. Yəni, rəngli və ya ağ-qara formada hərf, rəqəm və həndəsi fiqurlar çəkmək tələb olunur.

 Dekorativ Tətbiqi Sənət fakültəsinə qəbul olunmaq istəyənlərdə də I və II imtahanlar eynilik təşkil edir.  III mərhələdə isə ornament kompozisiya tələb olunur. Bu, nəbati, abstrakt, həndəsi elementlərdən ibarətdir. Rəsmlər a3 ölçülü vatmanda  akvarel, quaş, rəngli təbaşi, flomaster və gel qələmlər vasirəsilə işlənə bilər.

Rəngkarlıq fakültəsinə  qəbul olunmaq istəyənlər öncə çılpaq natura rəsmi çəkməklə imtahan olunurlar. Bu, onların insan anatomiyasını nə dərəcədə bildiklərini və işıq-kölgə duyumunu ortaya çıxarır. Rəsm vatman üzərində qara qələmlə işlənir. II imtahanda isə naturadan portret çəkmək tələb olunur. Portret bir qədər çətin texnikada, yəni, kətan üzrəində yağlı boya ilə işlənməlidir. III mərhələ isə müstəqil mövzuda çəkilmiş kompozisiyadan ibarətdir. Müstəqil mövzuda olan bu kompozisiya kətan üzərində yağlı boya ilə işlənir.

Qrafika fakültəsinə qabiliyyət imtahanının I mərhələsi rəngkarlıqla eyniyyət təşkil edir. II mərhələ isə qismən oxşar olsa da, burada portreti akvarellə çəkmək tələb olunur. Qismən rəngkarlıqla oxşar olan III mərhələdə də kompozisiyalar akvarellə tələb olunur.

Heykəltəraşlıq fakültəsinə qəbulun I mərhələsində də çılpaq natura rəsmi mühümdür. II mərhələnin əsasını naturadan portretin yapılması təşkil edir. Bu zaman karkas, gil, heykəltəraşlıq plastilinindən istifadə olunur. Abituriyentlər III mərhələdə eyni texnika ilə təkfiqurlu və çoxfiqurlu kompozisiya işləməlidirlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar “Abituriyent” jurnalının 2018-ci ildə nəşr edilmiş 2-ci sayında verilib.

Ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları iyulun 23-dən avqustun 9-dək, I ixtisas qrupundakı “Memarlıq” üzrə qabiliyyət imtahanları iyulun 31-dən avqustun 2-dək keçiriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları