Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-06 14:43:00
İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti ADNSU-nun 100 illik yubiley medalı ilə təltif edilib  

İyunun 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İsrail-Azərbaycan Ticarət Palatasının (İATP) prezidenti Aleks Kaplun ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüşdə əvvəlcə ADNSU ilə əməkdaşlıq və universitetin nəzdində faəliyyət göstərən İsrail-Azərbaycan Təlim Mərkəzinin fəaliyyəti, eləcə də  qarşıda duran məsələlər müzakirə edilib.

 

Sonra ADNSU-nun rektoru, professor M. Babanlı universitetlə sıx əməkdaşlığına, eləcə də İsrail-Azərbaycan Təlim Mərkəzinin yaradılmasında göstərdiyi xidmətlərinə görə A. Kapluna "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı”nı təqdim edib. 

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar” “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” təsis olunub. Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

 

Xatırladaq ki,  İATP ilə ADNSU arasında uzun illərdir ki, əməkdaşlıq əlaqələri  mövcuddur. Təhsil və innovasiyalar sahəsini əhatə edən bu əməkdaşlıq 2019-cu ildən daha intensiv hal alıb və həmin il İsrailin təlim metodologiyası əsasında ADNSU-da İsrail - Azərbaycan Təlim Mərkəzinin yaradılması ilə yeni mərhələyə qədəm qoyub. Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olan İATP 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan xalqının yanında olub, orduya dəstək göstərib.