Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-14 10:00:44
700 bal toplayanlar imtahan verəcək abituriyentlərə səsləndilər:”Özünüzü çox yükləməyin, elə bilin ki…”

 Ali təhsil müəssisələrinə qəbul imtahanlarına sayılı günlər qalıb. Zaman azaldıqca, abituriyent və valideynlərin həyəcanı da durmadan artır.

Bəs, həyəcanla mübarizə aparmaq və imtahanda uğur qazanmaq üçün yaz qəbul imtahanlarında  700 bal toplayan şagirdlər bir neçə gün sonra imtahan verəcək abituriyentlərə nə tövsiyə edirlər?

45 nömrəli tam orta məktəbin məzunu Elvin Kərimli AzEdu.az-a açıqlaması zamanı bildirib ki, ən vacib olan abituriyentin həyəcanı atıb rahat olmasıdır:

“Həyəcan insana çox mane olur. Qəbula imtahanına adi günlərdən biri kimi yanaşsınlar. Sanki evdə oturub test edirlər. Mənə görə imtahanın 3 əsas qızıl qaydası var: Rahat, diqqətli və məntiqli olmaq .Əminəm ki, bu qaydalara fikir versələr, mükəmməl nəticə qazanacaqlar. Mən abituriyentlerimizə  daim uğura dogru addımlamağı arzu edirəm.Bu zaman uğur ve şans da onları tapacaq”.

Fizika-riyaziyyat və informatika təmayüllü liseyin məzunu Rəna Əliyeva deyib ki, suallara  çətin gələn fənlərdən başlamaq və həmin fənni ən sona  saxlamaq məsləhət deyil:

“Mümkünsə, həmən sualları ortada həll etsinlər. Çətin sualla rastlaşanda həyəcanlanmasınlar, hətta sualı ötürüb, həmin fənnin digər suallarına baxdıqdan sonra çətin olan suala nəzər yetirsinlər. İmkan daxilində, kodlaşdırmadan öncə sualları ikinci dəfə yenidən nəzərdən keçirsinlər”.

Xaçmaz şəhər Zərifə Əliyeva adına 8 saylı məktəb liseyin şagirdi Jalə Rəcəbovanın sözlərinə görə, bu günlərdə təkrara olduqca çox vaxt ayırmaq lazımdır:

“Yeni şeylər öyrənməyə çalışmaqdansa, mövcud biliklərini daha da dərinləşdirmək onlar üçün daha çox yararlı ola bilər”.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Xəyyam Sultanlı qeyd edib ki, abituriyentlər bu ərəfələrdə özlərini çox yükləməsinlər:

“Əsasən, nəyi yaxşı bilirlərsə, o mövzuları təkrarlasınlar. Sosial media hesablarından son 3-4 gündə uzaq dursalar, yaxşıdır. Sosial media onların diqqətini yayındıra bilər. İmtahan vaxtı bacardıqları qədər diqqətli olsunlar və həyəcanlanmasınlar. Bilmədikləri sual olanda əvvəlcə bildiklərini yazıb, sonra bilmədikləri suallara keçsinlər. Beləliklə vaxt itirməmiş olacaqlar”.

Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları 18, II-III ixtisas qrupları üzrə isə 26 iyulda keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları