Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-19 13:51:00
Təhsil İnstitutunun Metodik dəstək mərkəzi distant seminarlar təşkil edəcək

Təhsil İnstitutunun Metodik dəstək mərkəzi tərəfindən müntəzəm şəkildə distant seminarlar təşkil ediləcək.

İnstitutdan AzEdu.az-a bildirilib ki, seminarların keçirilməsində əsas məqsəd metodik kabinetlərin fəaliyyətinin səmərəli qurulması, metodistlərin peşəkar bacarıqlarının artırılması, müəllimlər üçün metodik xidmətin təmin edilməsidir.

May ayı ərzində keçiriləcək distant seminarlar metodik kabinet müdirləri və metodistlər üçün nəzərdə tutulub. “Microsoft Teams” platforması üzərindən təşkil ediləcək seminarlar metodik kabinetlərin fəaliyyət planı nümunəsi, metodistin peşəkar portfoliosu və metodik kabinetlərin hesabat nümunəsi mövzularını əhatə edəcək.

Növbəti aylarda Metodik dəstək mərkəzi tərəfindən keçiriləcək distant seminarların iştirakçı baxımından əhatə dairəsi genişləndiriləcək. Mövzuya uyğun olaraq seminarlarda müəllim və valideynlərin də iştirakı mümkün olacaq.

Qeyd edək ki, Metodik dəstək mərkəzinin yaradılmasında əsas məqsəd tədris prosesinin təşkilində təhsilverənlərə dəstək üçün metodik köməyin göstərilməsi, bu sahədə yeniliklərin və yenidənqurma fəaliyyətinin tətbiq edilməsi, təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumi təhsil müəssisəsində öyrədici mühitin yaradılması, metodist hazırlığı və yenidənhazırlanması istiqamətində müvafiq işlərin icrasıdır.