Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-29 15:27:00
Magistrantların IV Respublika elmi konfransı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Magistrantların IV Respublika elmi konfransı keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Pedaqoji elmlərin nəzəriyyəsi və praktikasının aktual problemləri: müasir yanaşma” adlı konfrans ADPU-nun 100 illiyinə həsr edilib.

 

Elmi konfransda bir sıra ali məktəblərin magistrantlarının 450-yə qədər məzurələri dörd bölmədə dinlənilib və müzakirə edilib.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov son illərdə universitetin təhsil və elm sahəsindəki nailiyyətləri barədə məlumat verib. Bildirib ki, ADPU-da magistratura səviyyəsində həyata keçirilən layihələr magistr hazırlığına müsbət təsir göstərir:”Bu layihələr sırasında magistrantların respublika elmi konfransları xüsusi əhəmiyyətə malikdir. Belə ki, magistrantlar elmi-tədqiqat işlərinin nəticələrini konfranslarda tanınmış mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarmaqla yaxşı təcrübə toplayır, bu da magistr dissertasiya işlərinin müdafiəsində özünü xüsusilə göstərir. Magistrantlarımız daim öz üzərlərində çalışmalı, bilik və bacarıqlarını artırmalı, rəqəmsal bilikləri, dünyanın aparıcı xarici dillərini dərindən öyrənməli, vətənpərvər olmalıdırlar”.

 

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov ADPU-da elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldiyini, professor-müəllim heyətinin impakt-faktor göstəricili jurnallarda dərc edilən elmi məqalələrinin sayının artdığını bildirib, magistrantların elmi yaradıcılığına daim diqqət göstərildiyini vurğulayıb. Qeyd edib ki, ADPU-da son dörd il ərzində hər il magistrantların respublika elmi konfransının keçirilməsi, magistr dissertasiya işlərinin mövzularına elm komissiyada baxılması, universitetin qabaqcıl professor-müəllim heyətinin magistratura səviyyəsində həm tədris prosesinə, həm də magistr dissertasiya işlərinə rəhbərliyə cəlb edilməsi, magistrantların elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsinin səmərəli təşkili keyfiyyətli magistr hazırlığına öz töhfəsini verir. Onun sözlərinə görə, ADPU-nun təsisçiliyi ilə “Magistrant” dövri-elmi jurnalının nəşr edilməsi (jurnalın ilk nömrəsi bu günlərdə elmi ictimaiyyətə təqdim ediləcək) universitetdə aparılan məqsədyönlü elmi fəaliyyətin məntiqi nəticəsidir.

 

Professor A.Zamanov bildirib ki, konfransın elmi bölmələrində mütəxəssislər tərəfindən müsbət qiymətləndirilən məruzələrin tezisləri, həmçinin məqalələr toplu şəklində çap edilib magistrantlara çatdırılacaq. 

 

ADPU-nun sosial və humanitar məsələlər  üzrə prorektoru, professor  Fikrət Rzayev, Məktəbəqədər  təhsilin  pedaqogikası kafedrasının müdiri, professor  Müseyib İlyasov, ibtidai təhsil fakültəsinin dekanı, professor  Fərrux  Rüstəmov, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut  Rzayeva, Ümumi pedaqogika kafedrasının  müdiri, professor  İramin İsayev çıxış  edərək  konfransın təşkilini yüksək qiymətləndiriblər.

 

Plenar iclasdan sonra konfrans öz işini iki gün ərzində “İnnovasiyalar və təhsilin keyfiyyəti”,  “Təhsilin təşkili və idarə edilməsi”,  “Təhsildə sosial-psixoloji xidmət”  və  “Tədrisin müasir problemləri” bölmələrində  davam etdirib.