Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-05 15:43:00
 Generalımızı hərbiyə yönəldən müəllim: “Hərbiçi olmasan, üzünə baxmaram,- dedim”

 Xalqın qürur yeri, iftixar hissi ilə xatırladığımız Milli Qəhrəmanımız Polad Həşimovun müəllimi onunla bağlı xatirələrini bölüşüb.   

 

Famil Məmmədli müəllim onun istedadını görərək şagirdini hərb yoluna yönəltdiyini deyir.

 

AzEdu.az “Polad Həşimov xatirələrdə” kitabından həmin hissəsini oxuculara təqdim edir:

 

Qırx ilin müəllimi olmuşam. Tarix və hərbi hazrılıq fənlərindən dərs demişəm. On beş il direktor müavini olmuşam. Məktəbdə gözümdən yayınan bir şagird belə olmayıb.  Əksəriyyəti yüksək vəzifə tutub. Bir çoxu hərbiçidir.  Bir müəllim kimi agirdlərimlə daim fəxr etmişəm. Şəhid general-mayor Polad Həşimov da onlardan biriydi.  Ancaq Poladla, onu ilk dəfə hərbi geyimdə gördüyüm zaman fəxr etmişdim. Bilirsinizmi, Poladı hərb yoluna mən cəlb etmişəm. Hərbi hazırlıqdan dərs dediyim üçün yox, ondakı vətən sevgisini, əqidəni və təbii ki, dəqiq riyazi hesablamaları aparmasını gördüyüm üçün.

 

Onuncu sinifdə oxuyurdu. Hardasa  hərbi hazırlıq dərsliyi ilə ilk tanışlığı ərəfəsində idi.  Məktəbi bitirəndə hansı peşəyə yiyələnmək istədiyini soruşdum. Ya riyaziyyat müəllimi, ya da hüquqşünas olacağını dedi.  Cavabına gülümsədim.

-Riyaziyyat müəllimi nə qədər desən var. Hüquqşunas da həmçinin. Bu cür istedadını daha vacib amillər üçün xərcləsən,  yaxşı olar,- dedim

Təəccübləndi.

-Bax, əgər hərbiçi olsan, dəqiq riyazi hesablamaların və insan hüquqlarını bilməyin sayəsində nadir şəxsiyyətlərdən olarsan.

Hələ də üzümə baxıb gülümsünürdü. Onun belə vərdişi vardı Danışanı dinləyir və gülümsünürdü. Sanki dərdini dinlədikcə onu təbəssümü ilə yüngünləşdirirdi. Sözümü ciddiyyətə kökləmək üçün qaşlarımı çatıb əlavə etdim:

-Əgər hərbiçi olmasan, üzünə bir daha baxmaram.

Başını aşağı saldı. Sonra:

-Evdə məsləhətləşim, cavabımı sizə deyərəm,- dedi.

 

 

Cavabı çox geçikmədi. Növbəti gün tarix dərsində yaxınlaşıb hərbiçi olmağa qərar verdiyini bildirdi. Bu dəfə isə mən gülümsündüm. Çünki onun istedadına inanırdım. İnamımımı doğruldacağına əmin idim.  Onda gördüyüm bu potensialı özünün də görməyini istədim. Hələ bir dəfə dərsə gecikdiyini xatırlamıram.  Nə nadinclik edərdi, nə də yeniyetmələrə xas kobudluq.

Ailəsini necə sevdiyini gözəl bilirdim. Həmin ərəfədə qonşuluqda yaşadığımızdan evlərində çox olmuşdum. O ailənin süfrəsinin mayası saflıqla, paklıqla yoğrulub. Atası rəhmətlik İsrayıl yaxşı insan idi.  Ancaq Poladı polad edən onun anası olub. Yəqin bunu qonşuları , qohumları da təsdiqləyər. Düzdür, toyunda Polada “Sənin general olmağın yanındakı xanımdan asılıdır” demişdim. Toy “kaset”ində olmalıdır.

 

 

Xatırlayıram toyuna da oğlumla birlikdə getmişdik. Taleyin işinə baxın ki, oğlum  Poladın komandir olduğu taborda hərbi xidmət keçib. O zaman Polad kapitan idi, xidmətini Murovdağda davam etdirirdi.  Mənsə bundan hərbiçi olmuş başqa şagirdimdən xəbər tutmuşdum.  Andiçmı mərasimi üçün Toğanaya getmişdik.  Fikrim dağınıq idi. Qəfildən arxadan kimsə məni  möhkəm qucaqladı. Arxaya dönüb Poladı gördüm. Qollarında sanki bəbir gücü vardı. Çox sevindim. Oğlumun andiçmə mərasiminə gəldiyimi dedim.

   O da məni öz hərbiçi yoldaşlarına təqdim etdi. Məni elə təriflədi ki, lap dağın başına qaldırdı. Fəxarət hissi ilə üzünə tamaşa etdim. Ancaq tələsirdi. Andiçmə mərasiminə qalmadan maşına minib Murovdağa çıxdı.

 

 

Bir neçə ay sonra oğlum da digər gənc əsgərlərlə birlikdə Poladın komandirlik etdiyi tabora qoşuldu. Oğlum deyir ki, tabora gedəndən bir neçə gün sonra  Polad Həşimov məni öz yanına çağırıb hal-əhval tutduqdan sonra, “Müəllimin oğlu olduğun üçün posta da birinci sən getməlisən!” deyib.  Bunun nə demək olduğunu başa düşürsünüz?! Polad belə oğul olub! Azərbaycan elə bir igidini itirib ki, sözlə ifadə edə bilmirəm. Bizə hər gəldiyində yoldaşım oğlum üçün yun corab, sabun və s. qoymaq istəyirdi. Polad, “mənim əsgərlərimin hər şeyi var, heç nəyə ehtiyacları yoxdur” deyirdi. Bu da həqiqət idi.  

O insan psixologiyasını, hərbi psixologiyanı çox gözəl bilirdi. Döyüşkən ürəyə sahib idi. Poladın adını onun şəxsiyyətinə layiq şəkildə yaşatmaq lazımdır. O elə bir zirvəni fəth edib ki, milyonların ürəyində yaşayacaq. Millətin qürur yeri, iftixar hissi, and yeri olacaq.