Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-17 15:13:00
Erməni vandalizminə məruz qalan rayonlarda məktəb və internetin hazırki durumu – RTŞ müdirləri danışır

 

 

44 gün davam edən və Azərbaycanın haqlı qələbəsi ilə  başa çatan Vətən Müharibəsi dövründə məğlubiyyətlə barışmayan ermənilər yenidən öz vandalizmini dinc əhaliyə qarşı tətbiq etdilər.

 

Onların müharibənin getmədiyi,  mülki şəxslərin yaşadığı bölgələrə atdıqları saysız-hesabsız ağır artileriya, raket və mərmilər  bir çox yaşayış binaları, fərdi evlər, məktəb və digər obyektlərə  ciddi ziyan vurdu.

 

Dağıntılara məruz qalan ərazilərdə internetin yayımında da çox ciddi problemlər yaşandı. Bu birbaşa onlayn dərslərə təsirini göstərdi. Artıq müharibənin Azərbaycanın tam qələbəsi ilə bitməsindən 1 aydan artıq vaxt keçir.

 

Bəs bölgələrdə infrastruktur bərpa olunmağa başlayıbmı, internet problemi həll olunubmu?

 

AzEdu.az Rayon Təhsil Şöbələrinin rəhbərlərindən bu sualların cavabını öyrənməyə çalışıb:

 

Ağdam RTŞ rəhbəri Mətanət Misirxanova:

 

“Hələlik heç bir məktəbdə təmir işləri aparılmayıb, lakin bir çox yerlərdən gəlib baxıblar, şəkillərini çəkiblər. Kəndlərdə internet xətti tam bərpa edilməyib. Ərazidə meqabaytla internetə girmək olmur. Lakin çətin də olsa bir neçə gündür ki,  rəhbərlik  olaraq onlayn dərslərə girir, nəzarət edir, dinləyirik.

 

Ağdam ərazisində olan məktəblərdən hələki yalnız Quzanlı da yerləşən 18 nömrəli məktəbə qoşula bilmişik. Digər kəndlərdə qoşulma zəif və ya tam yox səviyyəsindədir. Sabah  yalnız ərazi məktəblərinin dərslərinə qoşulacağıq, görək vəziyyət necədir”.

 

Tərtər Rayon Təhsil  Şöbəsinin rəhbəri Yaşar Məhərrəmov:

 

“Tərtər müharibə dövründə dağıntıya, atışmaya ən çox   məruz qalan rayon oldu. İndi isə vəziyyət stabildir. Bölgədə internet qismən bərpa edilib. Proses davam etdirilir. İnternet imkanı olan kənd məktəblərində onlayn dərslər aparılır. Dağılan məktəblərdə isə tikinti işlərinə hələlik başlanılmayıb”.

 

Gəncə RTŞ rəhbəri Anar Qədiməliyev:

 

“Gəncə ərazisində internet problemi demək olar ki, yaşanılmadı. Onlayn dərslər keçilir, şagirdlər də qatılırlar”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları