Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-03 16:29:00
“Ermənilərin atdığı mərmi məktəbin bir korpusunu yararsız hala salıb”-Ağdam RTŞ rəhbəri

Noyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Mahrızlı kəndi atəşə tutulub. Nəticədə Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinə ciddi ziyan dəyib, tədris binasının bir korpusu tamamilə dağılaraq yararsız vəziyyətə düşüb.

 

“Dünən ermənilərin atdığı ağır artilleriya nəticəsində Ağdamın mahrızlı  kənd tam orta məktəbinə infrastruktur olaraq ciddi ziyan dəyib. Xoşbəxtlikdən insan itkisi yaşanmadı.  Atılan mərmi nəticəsində məktəbin divarının bir hissəsi, pəncərələr, 1 korpus, kitabxana bərbad hala qalıb. Ağdamın cəbhəboyu ərazisindəki məktəblərində tədris təmamilə dayandırılıb”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında Ağdam Rayon Təhsil Şöbəsinin rəhbəri Mətanət Misirxanova söyləyib. O, digər bölgələrdə yerləşən Ağdam məktəblərinin şagirdlərinin distant təhsildən faydalandığını qeyd etdi:

 

“İnternet problemi yaşanır deyə, distant təhsildə müəyyən problemlər yaranır.  Ağdam məktəblərinin bir qismi Bakı, Mingəçevir, Bərdə, İsmayıllı ərazisindədir. Bu məktəblərin şagirdləri mümkün olduğu qədər distant təhsildən, tele-dərslərdən yararlanırlar”.  

 

Qeyd edək ki, Mahrızlı kənd tam orta məktəbində 292 şagird təhsil alır, 35 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.

Bu günədək düşmən təcavüzü nəticəsində 50 məktəbə ziyan dəyib.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları