Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-02 16:44:00
Şükür Həmidovun sinif yoldaşı: “Qar uçqunundan öz bacarığı hesabına xilas oldu”  

 

 

“Şükür boyca kiçik olsa da,  ağılı və fikri ilə hər zaman öndə gedib”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Şükür Həmidovun sinif yoldaşı və onun əmisi oğlu Təvəkkül Fərmanov deyib.

 

O, Milli Qəhrəman Şükür Həmidov ilə 8 il bir sinifdə oxuyub.

 

Müsahibimiz uşaqlıq illərinə qayıdaraq Şükür Həmidovla bağlı xatirələrindən söz açır:

 

“Şükürlə bağlı xatirələrim çoxdur, onu sözlə ifadə etmək mümkün deyil.  Mənim üçün onun itkisi çox ağır oldu. Başqa zaman olsaydı, fikirlərimi bildirmək asan olardı, indi isə çox çətindir. O, həm mənim əmimoğlu, həm də sinif yoldaşım olub. Uşaqlıq illərimiz bir yerdə keçib. Bir yerdə yıxılmış, durmuş və palçığa batmışıq. Biz qohumluqdan əlavə çox yaxın dost olmuşuq. O, hər zaman orta məktəbdə öz fərasət və şücaəti ilə seçilib. Şükür boyca kiçik olsa da,  ağılı və fikri ilə öndə gedib.  Orta məktəbi 8-ci sinifdən tərk edərək, Naxçıvanski adına Hərbi Kollecə daxil olub. Müstəqillik  dövründə ilk təhsil alan kursant və hərbiçilər sırasında Şükür də olub. Onun komandir kimi hərbi yolu Naxçıvandan keçib. O zaman əsgərlərlə birlikdə qar  uçqununa düşüb,  hərbi təcrübə və taktikadan istifadə edərək oradan qurtula bilib. Lakin onun hər zaman arzusu olub ki,  doğulduğu yer uğrunda mübarizə aparsın. Çünki insan doğub, boya-başa çatdığı yeri özünə əziz bilir. Şükürün də həmişə fikri və niyyəti Qubadlıda vuruşmaq idi. Mən özüm də 1990-cı illərdə vətən uğrunda döyüşlərdə iştirak etmişəm və  Qarabağ qazilərindən biriyəm. Şükür mənə deyirdi ki, əmioğlu sən heç olmasa  rayonumuzu 1993-cü ilə kimi görmüsən, mən isə oradan lap  əvvəl çıxmışam. Ən böyük arzusu Qubadlını və öz doğma kəndimizi görmək idi. O, bu arzu və niyyətlə  yaşayırdı. Bütün Azərbaycan  onun şücaəti, igidliyi və qəhrəmanlığını bilir. Ona Ali Baş Komandan tərəfindən  Milli Qəhrəman adı verilib. Şükürün  qeyrəti , şücaəti və vətən həsrəti ona döyüşlərdə yardımçı olub. Təbii ki, qurbansız torpaq almaq mümkün deyil. Hamımız bu  millətin və vətənin əsgərləriyik. İstəyərdim ki, mən də gedim, cəbhədə vuruşum. Arzulayardım ki, şəhidlərimizin qanı tökülən torpaqlarda  mənim də qanım tökülsün”.

 

Təvəkkül Fərmanov qeyd edir ki, Şükür Həmidovla bağlı uşaqlığında çoxlu xatirələri olub:

 

“Kənd yeri olduğu olduğu üçün,  qoyun və quzuları bir yerdə otlamağa gedirdik. Bərabər  çörək hazırlayardıq, yarısını o, yarısnı isə mən yeyərdim. Hətta dalaşdığımız günlərimiz də olub. Şükür 1990-cı illərdən kəndimizdən çıxıb gedib. O, Naxçıvanskidə oxuyub, sonra Türkiyəyə gedib və orada təhsilini davam etdirib. Məktəb illərində Şükür çılğın  və bir yerdə duran olmayıb. Elə onun nəşini də mən özüm  gətirmişəm. Onun ölümünü hələ də qəbul edə bilmirəm. Bildiklərimin çoxunu deməkdə çətinlik çəkirəm. Mən öz övladlarımla birgə  son dəfə Şükürlə görüşdük. Mən də iki əsgər böyüdürəm. O, oğlanlarıma demişdi ki, sizə də Qubadlıda görəv verəcəm. Onun arzuları çox idi. Lakin o ən asas istəyini həyata keçirə bildi. O, bu yolu bizim övladlarımız və xalqımız üçün seçdi”.

 

Şükür Həmidov və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Şükufə Süleymanlı
Müəllifin digər yazıları