Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-07 17:53:01
Peşə təhsilinə üz tutan şagirdlərin PROBLEMLƏRİ - Natamamlıq var

Peşə təhsili almaq istəyən şagirdlər IX sinifdən şəhadətnamə təqdim edərək, heç bir müsabiqədən keçmədən peşə təhsiliverən müəssisələrə daxil olurlar. Maraq dairələrində olduğu halda onlar bu sahəni dərindən öyrənir. Bəs bacarıqları yoxlanılmadan peşə məktəbinə qəbul olunan şagirdlərin bu peşəni mənimsəmələri necə həyata keçirilir?

Mövzuyla bağlı AzEdu.az-a danışan təhsil eksperti  Etibar Əliyev bildirib ki, bütün bacarıqların rüşeymi orta məktəbdə formalaşır:

“Ancaq bizdə orta təhsildə təmayülləşmə prosesi tamamlanmadığı üçün uşaqların peşə təhsilinə hazırlığında problemlər yaranır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası”nda 12 illik orta təhsilə keçid nəzərdə tutulur. Lakin biz 12 illik orta təhsilə keçmədiyimiz üçün təmayülləşmə natamam xarakter daşıyır. 11-12-ci siniflərdə təmayülləşmə həyata keçirilsə, peşə təhsilini seçən uşaqlar üçün də seçim imkanı genişlənər. Bir çox ölkələrdə orta təhsil pilləsində  şagirdlərdə hansısa sənətə meyllilik, həvəs oyadılır. Təəssüf ki, bu gün bizim orta məktəblər belə bir platformada çıxış edə bilmirlər. Hətta 11 illik təhsil qalsa belə, istər “Təhsil haqqında” qanunda, istərsə də Dövlət strategiyasında ehtiva olunan təhsilin təmayülləşməsi prinsipi həyata keçirilməlidir. Əks təqdirdə bu cür qeyri-müəyyənliklərlə rastlaşmağa davam edəcəyik.

Ekspert deyir ki, peşə təhsili almaq istəyən uşaqlarda hansı bacarıqların olması  ilə bağlı kriteriyalar proqramlarda əks olunmalıdır:

“Təəssüf ki,  orta məktəblərin təbiət  və texniki fənlər üzrə proqramları həmin bacarıqların formalaşmasına imkan vermir. Məktəblilər daha çox standart testlərin cavablandırılmasına yönləndirilir. Həmçinin, müəllimlərin kreativliyi də aşağı səviyyədədir.  Müəllimlərin təkmilləşməsi formal xarakter daşıdığından ciddi dönüş yaranmır. İcbari təhsil pilləsindən sonra məktəbdən ayrılan uşaqların peşə təhsilinə axışması üçün ciddi işlər görülməldir. Yəni, təhsilin fasiləsizliyi pozulmamalıdır. Onların yaş göstəriciləri bunu bizə diktə edir. Peşə təhsili liseyləri uşaqlara hansısa peşəni öyrətməklə yanaşı, həm də orta təhsil səviyyəsində onlara sənəd verir. Buna görə də ölkədə peşə təhsilinin cəlbediciliyinin artırılması üçün təxirəsalınmaz işlər görülməlidir. Bu istiqamətdə peşə təhsili ilə icbari təhsilin əlaqələrinin  rasionallaşması olduqca vacibdir. Burada proqramların uzlaşmasına diqqət etmək lazımdır ki, təhsilin fasiləsizliyi pozulmasın”.

Qeyd edək ki, “Peşə təhsili haqqında” qanun Azərbaycanda peşə təhsili sisteminin quruluşunu müəyyən edir. Peşə təhsili müəssisələrinin növləri peşə məktəbi; peşə liseyi; peşə təhsil mərkəzinə ayrılır. Qaydaya əsasən, ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq hüququ verilir. Peşə məktəbinə qəbul olunan şəxslərə yalnız texniki peşə təhsili almaq hüququ verilir.