Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-09 14:12:00
Ceyhun Məmmədov: Pandemiyadan xilas olmağın yolu karantin qaydalarına riayət etməkdən keçir

Bu gün dünya ölkələri COVID-19 pandemiyası ilə üz-üzə qalıblar. Bəşəriyyət ciddi sınaq qarşısındadır, problemdən xilas yollarını axtarır. Prosesin nə qədər davam edəcəyi isə məlum deyil. Dünyaya nəzər saldıqda aydın olur ki, hər dövlət bu problemin öhdəsindən layiqincə gələ bilməyəcək.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib.

 

O bildirib ki, Azərbaycan pandemiya ilə mübarizə istiqamətində operativ və adekvat qərar qəbul edən ilk ölkələrdən biri oldu. Prezident İlham Əliyev məsələni tam nəzarətə götürdü, bir sıra sərəncamlar imzaladı. Fond yaradıldı, pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması istiqamətində ciddi addımlar atıldı.

 

Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkə kimi göstərildi. Azərbaycan özünə qapanmadı, digər dövlətlərə də yardım əlini uzatdı. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın səylərini yüksək dəyərləndirdi.

 

Təəssüf ki, yumşaldılmalardan sonra insanların bir qismi məsələyə məsuliyyətsiz yanaşmağa başladı. Nəticədə isə yoluxanların sayı sürətlə artmağa başladı. Son rəqəmlər heç ürəkaçan deyil. Bu barədə ciddi düşünməliyik.

 

“Bu gün ciddi ehtiyac olmadan evdən çıxan, küçələrdə, ticarət mərkəzlərində gəzən, çayxanalarda oturan insanları görürük. COVID-19 virusu daha çox insanların bir-biri ilə sıx təmasından yayılır. Ona görə hər birimiz sıx təmasdan maksimum uzaq olmalıyıq. Bu prosesdə iki tərəf var. Birincisi, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirən dövlətdir. Digər tərəf isə vətəndaşlardır. Onlar Operativ Qərargahın qaydalarına əməl etsələr, nəticələrimiz daha yaxşı olacaq”, - deyə Ceyhun Məmmədov qeyd edib.

 

Deputat vurğulayıb ki, pandemiyadan tezliklə xilas olmağın yolu karantin qaydalarına riayət etməkdən keçir: “Nə qədər məsuliyyətli olsaq, bəladan o qədər tez xilas ola bilərik. Ona görə hər bir vətəndaş bu qaydalara tam əməl etməli, maska taxmalı, sosial məsafəni qorumalıdır. Belə olduğu təqdirdə virusun yayılmasının qarşısı daha sürətlə alınacaq”.

 

Fürsətdən istifadə edib, üzümü vətəndaşlara tutaraq onları evdə qalmağa, sosial məsafəni qorumağa, maska taxmağa çağırıram. Əks halda hər birimizin ailəsində bu virusa yoluxanlar ola bilər.