Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-25 16:00:00
COVİD-19-u müalicə edən ATU əməkdaşı – "Xüsusi  geyimli həkimlərə 8 saat müddətində nə qidalanmağa, nə də su içməyə icazə verilmirdi”-MÜSAHİBƏ      

 

Şəfa Vəliyeva: “Valideynlərin təcrid olunan körpələrlə görüşə bilməməsi mənə pis təsir edirdi"

 

Hazırkı pandemiya vəziyyətində mübarizənin ön cəbhəsində tibb işçiləri dayanır.

 

 

AzEdu.az bu qəhrəmanlardan biri, COVİD-19-un müalicəsində iştirak edən Azərbaycan Tibb Universitetinin  Ağciyər Xəstəlikləri Kafedrasının Assistenti Şəfa Vəliyeva ilə müsahibəni təqdim edir:

 

Öz dilindən tanıtım

 

-Mən  Azərbaycan Tibb Universitetində Ağciyər Xəstəlikləri kafedrasında çalışıram. ATU - nun stasionarları, Tədris Terapevtik və Cərrahiyyə Klinikası koronavirus üçün karantin xəstəxanası elan edilib. Burada  COVİD-19 xəstələrinin müalicəsi aparılır. Bizim kafedramız öz təşəbbüsü ilə bu mübarizənin ön sıralarında yer alıb.

 

TƏBİB-in xətti ilə Azərbaycanın bəzi bölgələrində maarifləndirmə işi aparmaq üçün həkimlər seçildi. Mən də onlardan biri oldum. Aprelin 4-dən 13-ə qədər ölkənin 5 bölgəsində olduq: İmişli, Masallı, Goranboy, Gəncə və Şəmkir. Hər rayonda 2 gün olmaqla nəzəri və praktik təlimlər keçdik. Eyni zamanda, həmin bölgələrin karantin xəstəxanalarına baş çəkib,  xəstələrin müalicəsi və  müdafiə vasitələrinin təminatı ilə yaxından tanış olduq.

 

 Qrupumuzda 4 mütəxəssis var idi: Epidemioloq, infeksionist, reanimatoloq və pulmanoloq, yəni mən.  Həmin rayonlarda çalışan tibb personalına nəzəri biliklər verib,  tibb bacıları və təmizlikçilər üçün də ayrı şəkildə təlimlər keçdik. Koronavirusa aid olan geyimlərin necə istifadə edilməsi haqqında məlumatları çatdırdıq. Mən öz sahəmə uyğun olaraq ağciyərdə baş verən problemlər və onların fəsadlarının qarşısını almaq üçün öncədən hansı tədbirlər görülməsini diqqətə çatdırdım. Eyni zamanda praktik məşğələlərlə  başa saldıq”.

 

-Bir az bizə karantin rejimində fəaliyyət göstərən xəstəxanın abu-havasından və xəstələrin vəziyyətindən bəhs edərdiz…

 

-Xəstələr müxtəlif qruplara bölünür: asimptomatik  yəni, simptomsuz xəstələr , yüngül klinik simptomları olanlar və ağır xəstələr. Ağciyərdə baş verən problemlər bu xəstəlikdə daha çox ön plana çəkilir. Elə xəstələr olur ki, onların süni tənəffüs aparatına ehtiyacı yaranır. Biz nəzarət etdiyimiz xəstəxanalarda  yalnız asimptomatik və yüngül xəstələr var idi. Ağır  xəstələr isə paytaxta gətirilir,  klinikalarda yerləşdirilirdi.

 

Karantin xəstəxanası xaricdən xüsusi şəkildə qorunur. Heç kim ora icazəsiz daxil ola bilməz. Biz həkimlər karantin xəstəxanalarına daxil olarkən  sənəd təqdim edirdik. Eyni zamanda, içəridə xəstələrlə məşğul olan personal xüsusi geyimdə olur və onların çölə çıxmaq imkanları məhdudlaşdırılır. Çünki xüsusi geyim yalnız şöbədaxili istifadə üçün nəzərdə tutulub. Çünki həmin şəxslər xəstə ilə kontakda olduğuna görə onların infeksiya yaymaq təhlükəsi də yüksəkdir.

 

Həmin xəstəxanalarda asimptomatik xəstələr qrupu olur ki, onların yalnız testlərinin nəticələri müsbət çıxır,  lakin klinik simptomları olmur. Bu tip xəstələr simptomlarının olmadıqları üçün niyə karantində qaldıqlarını deyirlər. Lakin yoluxanların 80 faizi klinik simptomsuz xəstələrdir. Onların infeksiya yaymaq təhlükələri yüksəkdir. Bu xəstəlik hava-damcı, hava - toz, fekal-oral və kontakt yolu vasitəsi ilə yayılır. Xəstələr hətta danışanda belə 2 metr radiusda olan damcıları ətrafa yayırlar. Biz onları başa salmağa çalışırıq ki, siz öz doğmalarınızı qorumaq üçün burdasız.

 

Xəstələri gözəl yemək və hər cür qida ilə təmin edirdilər. Asimptomatik xəstələrə dərman pereparatları  verilmir. Onlar izolyasiya olunur  və xəstəliyin 7-ci günü təkrar test verirlər  və cavab müsbət olsa , 14 gün xəstəxanada qalırlar. Lakin 7-ci gün cavab mənfi olarsa, pratakolumuza uyğun olaraq, ikinci dəfə də test verirlər. Bu zaman cavab  mənfi çıxarsa onlar evlərinə buraxılırlar. Lakin onlar 14 gün müddətində  özünqtəcrid vəziyyətində evdə qalırlar. Qoruyucu maska taxmaq şərti ilə onların şəxsi gigiyena əşyaları ayrı tutulur. Yüngül klinik simptomlar olan xəstələr üçün müalicəlır aparılır. Yəni, onların qızdırması  aşağı salınır və yanaşı xəstəlikləri varsa, onların terapiyası ilə məşğul olunur. Ağır klinik simptomları olan xəstələrin hamısı paytaxta gətirilir.

 

Ağciyər xəstələrinə antiviral dərman pereparatları təqdim olunur.

 

 Xəstəxanalarda olarkən oranın  hər bir şəraitlə təmin olunduğunu gördüm. Onlar təzə tikilmiş və əhalinin istifadəsinə verilməmişdi. Şəmkir və Goranboy Mərkəzi Rayon  Xəstəxanalarında pasientlərin üçün hər cür zəruri olan şərait var  idi.

 

-Müalicə prosesində izlədiyiniz, şahidi olduğunuz hansı hadisə - xəstələrlə bağlı- sizə pis təsir edib və bunu hələ də unuda bilmirsiz?

 

 -Mənə pis təsir edən hadisələrdən  biri də orada körpə uşaqların olması idi. Bir yaş – yaş yarımlıq körpələr  palatada təcrid olunmuş şəkildə qalırdılar. Onların oyuncaqlarla oynayan və hərəkət edən vaxtı olduğu halda  öz palatalarından kənara çıxa bilmirdilər. Ailə üzvləri bir palatada ünsiyyətdə ola bilərdilər, lakin digər palatalarla ünsiyyətə  icazə verilmirdi. Bu mənə pis təsir  edirdi ki, körpə uşaqlar orada var və onlar əziyyət çəkirlər. Onlar  çölə çıxa bilmirdilər və hərəkət radiusları olduqca az idi. Ona görə də əhaliyə üzümü tutub demək istəyirəm ki, yaş kateqoriyasından aslı olmayaraq hər bir nümayəndə xəstələnə bilər. Bunun üçün də mümkün qədəri ilə evdə olsunlar və yoluxma riskini əhali arasında azaldsınlar.

 

-Sağalan və evə buraxılan xəstənin hiss və həyəcanını təsvir edərdiniz. Bu məqamda sizi kövrəldən nə kimi hadisə olub?

 

 -Biz orada olarkən sağalan əhali qrupu ilə də rastlaşdıq. Onlar çox həyəcanlı idilər. Bəzi xəstələrimiz var idi ki, onlar tələbə kimi xaricdən  gətirilmişdi. Onların ilk müayinələri mənfi olmuşdu. Yəni, virus aşkarlanmamışdı. Lakin 14 gün karantində qaldıqdan sonra 14-cü gün  müayinə nəticələri müsbət çıxdı. Sağalanlar müəyyən  müddət xəstəxanada qaldıqları və evlərinə getdikləri üçün çox həyəcanlı idilər. Adi əhali arasında da  sağalanlara rast gəlinirdi.

 

-Əhalinin bir çox üzvləri məlumatları media vasitəsi ilə alır. Lakin işin görünməyən tərəfləri olduqca çoxdur. Siz bu işlə yaxından məşğul olan biri kimi nələrə şahid olursuz?

 

-Biz xəstələrin  palatasına girərək hər birinə ayrı-ayrılıqda başa salmağa çalışırdıq ki, niyə onlar buradadırlar. Görünməyən tərəf o idi ki, tibbi personal orada çox gərgin şəkildə işləyirdi. Onlar iki saatlıq növbə ilə çalışırdılar. Xüsusi  geyimi geyindikdən sonra onların  8 saatlıq növbə ilə nə qidalanmağa, nə su içəməyə, nə də digər həyati ehtiyaclarını görməyə icazə verilmirdi. O geyimlər hər dəfə soyunulduqdan sonra utilzasiyaya gedirdi.

 

Hər bir  tibb personal içində də mən olmaq şərti ilə öz gördüyümüz işdən qürur duyurduq. Eyni zamanda mən də öz sənətimlə fəxr edirəm. Biz bu sahənin əsgərləriyik və xidmət vaxtımız indi çatıb. Nə vaxt və harda lazım olsa xidmət etməyə və əhalinin sağlamlığının keşiyində olmağa hazıram. Əgər müddət uzansa mən vəzifəmi yerinə yetirmək üçün yenə gedəcəyəm.

 

 -COVİD-19 yoluxucu xəstəlik olduğu üçün həkimlər də risk qrupu sayılır. Siz qorunmaq üçün nələr edirsiz?

 

 -“COVİD-19 xəstələri ilə məşğul olan tibbi persanalın hamısı risk qrupuna aiddilər. Yalnız həmin geyimi düzgün geyinib- soyunsaq və qaydalara riayət etsək, bu riskin faizi də aşağı  düşər. Bizim üçün immun sistemimizin və əhval-ruhiyəmizin yüksək olması çox vacibdir. Bu virus RNT tərkiblidir və qorunmanın ən yaxşı yolu immun qabiliyyətinin yüksək olmasıdır.

 

 -Ölkəmizdə koronavirusun müalicəsi ilə məşğul olan tibb işçilərinin fəaliyyətini necə qiymətləndirirsiz?

 

 -Şükürlər olsun ki, dövlətimiz COVİD-19-la mübarizədə tədbirlərini çox öncədən aldı. Digər Avropa ölkələri və onlarda baş verən hadisələrə baxsaq, Azərbaycanda vəziyyət acınacaqlı deyil. Digər ölkələrdə asimptomatik xəstələr evlərində saxlanılır. Lakin bizdə hər bir vətəndaşın səhəti əziz olduğu üçün asimptomatik xəstələri belə xəstəxana şəraitində saxlayırıq. Buna görə də yayılma intensivliyi  aşağıdı. Dövlətimiz vətəndaşları üçün hər bir şəraiti yaradıb. Əhalidən aslı olan şey isə özlərini  və yaxınlarını qorumaqdı. İnşallah belə getsə, biz bu mübarizədən qalib çıxacayıq.

 

Hər bir tibb işçisinin vəzifəsi  başa çatdıqdan sonra 14 gün oteldə qalır və ailələri ilə görüşmür. Eyni zamanda onlardan test nümunələri götürülür. Əgər həmin müddətdən sonra nəticə mənfi çıxarsa, biz öz evimizdə özünütəcrid şəraitində 14 gün daha qalırıq. Mən evimə çatdıqdan  və testimin nəticəsi neqativ çıxdıqdan sonra sahə infeksianistim  zəng edərək, 14 gün onun nəzarətində olacağımı bildirdi. Çox sevindirici haldır ki, iş gözəl şəkildə təşkil olunub. Dövlət hər bir nümayındəsinin qədrini bilir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları