Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-06 15:21:00
10-cu sinif şagirdlərinin sınaq imtahanı başa çatdı

Dövlət İmtahan Mərkəzi  yeni təhsil proqramları (kurikulumlar) üzrə 10-cu sinif şagirdləri üçün  bu gün Respublikanın 10 şəhər və rayonunda sınaq imtahanları keçirib.

AzEdu.az xəbər verir ki, imtahanda iştirak etmək üçün 11827 şagird qeydiyyatdan keçib.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.

Qeyd edək ki, imtahanda şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Mayın 7-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqələrinin emalı aparılacaq.

Yazılı cavabların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.