Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-05 19:48:19
780 şagird olimpiadanın  final turuna yüksəldi

Mayın 5-də fizika, riyaziyyat və informatika təmayüllü liseydə respublika fənn olimpiadalarının final turu keçirilib.

AzEDU.az xəbər verir ki, final turunda 780 şagird iştirak hüququ qazanıb. Şagirdlər 2-4 saat ərzində sualları cavablandırıblar. Şagirdlərə fənlərdən asılı olaraq 5-12 açıqtipli suallar təqdim edilib.

İnformatika fənni üzrə olimpiadanın final turu isə mayın 6-da Bakı Mühəndislik Universitetində keçiriləcək.

Sonda hər fəndən təxminən 30 şagird, ümumilikdə isə 240-250 şagird qalib elan ediləcək.

Qeyd edək ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 33 mindən çox şagird iştirak edib.

Respublika fənn olimpiadaları səkkiz fənn üzrə 9-11-ci sinif şagirdlərinin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7 və 8-ci sinif şagirdlərindən də 9-cu siniflərlə yanaşı, öz bilik və bacarığını nümayiş etdirənlər olub.

Olimpiadaların təşkil edilməsinin məqsədi istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə marağın artırılması, onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.

Olimpiadalar “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.