Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-13 15:00:00
“Təmas xəttinə ən yaxın məktəbin direktoru olmaq istəyirəm” – Uğur gözləyən namizəd

Cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. Qeydiyyatdan keçən 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilən direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1 643 nəfər iştirak edib.

Direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi isə bölgələr üzrə davam edir. Proses avqustun 21-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları ilə başlanıb və avqustun 23-dək davam edib.

Müsahibə prosesində iştirak etmiş namizədlərdən biri də Ağdam rayonu 93 saylı məcburi köçkün tam orta məktəbinin tarix müəllimi Samir Abdullayevdir.

“Suallardan hiss olunurdu ki, lazım olan kadrı axtarırlar”

Müsahibə təəssüratlarını AzEdu.az-la bölüşən müəllim nəticələrin hələ açıqlanmamasına baxmayaraq, sualları tam cavabladığına görə, təyinat ala biləcəyini düşünür.

O, direktorların işə qəbul müsabiqəsinin imtahan mərhələsində 30 bal toplayıb. Dediyinə görə, proses çox şəffaf və ədalətli keçirilib:

“Təhsil qanunvericiliyi, direktorun düşə biləcəyi psixoloji situasiyalarla bağlı suallar ünvanladılar. Yaxşı hazırlaşdığım, özümə tam güvəndiyim üçün sualları düzgün cavablaya bildim. Heç bir qərəzli situasiya ilə rastlaşmadım. Suallardan hiss olunurdu ki, şəffaf şəkildə lazım olan kadrı axtarırlar.

Düzdür, test imtahanında topladığımız bal mühüm rol oynayır. Amma həmişə fikirləşmişəm ki, müsahibə daha önəmlidir. Test imtahanında namizəd təxmin edərək də bal toplaya bilər. Amma müsahibə daha vacibdir. Çünki namizədin direktorluğun öhdəsindəsindən gələ bilib-bilməyi müsahibədə məlum olur”.

Samir müəllim prosesin canlı şahidi olduğuna görə, növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə məsləhətlər də verib:

“Müsahibə zamanı sərbəst olmalarını məsləhət görürəm. Özlərini rahat hiss etsinlər. Liderlik qabiliyyətlərini göstərsinlər. Sualları tələsmədən, düzgün cavablamağa çalışsınlar, həyəcanlanmasınlar. Burada çətin heç nə yoxdur. Sualları verənlər dəyərli ziyalılarımızdır. Sadəcə, lazım olan kadrı axtarırlar. Təhsil qanunvericiliyi və Əmək Məcəlləsinə daha çox diqqət yetirsinlər. Suallara hazır və sərbəst olsunlar”.

Müsahibədə səslənən suallara gəlincə isə o, belə cavab verib:

“Düzü, müsahibədə heç bir çətinliklə üzləşmədim. Bütün sualları cavabladım. Amma bəzi namizədlər sırf həyəcanlandıqlarına görə müsahibədə çətinlik çəkirlər. Hazırda məktəb həvaləsi məndə olduğuna görə, müəyyən qədər təcrübəyə sahibəm. Bəlkə də suallar qarşısında aciz qalmamağımın səbəbi elə budur.

Müsahibədə məktəbdəki fəaliyyətimlə bağlı danışmağımı istədilər. Çalışmanın yaş həddinin neçə olduğunu soruşdular. Yaş həddinə çatmış müəllimin müqaviləsinin neçə ilə qədər artırıla biləcəyini soruşdular. 5 il olduğunu dedim. Əmək Məcəlləsi ilə bağlı suallar verdilər.

Eşitdiyimə görə, digər namizədlərə məktəb sənədləşməsi ilə bağlı suallar da verilib Amma mən belə suallarla qarşılaşmadım”.

“Yüksək bal toplamaq direktor olmaq demək deyil”

Samir müəllimin sözlərinə görə, müsahibədə namizədin psixoloji durumunu da müxtəlif metodlarla yoxlayırlar:

““Məsələn, bir müəllim nizam–intizama əməl etməzsə, hansı tədbirləri görərsiniz?” sualını verdilər. Ən əsəbi məqamlarda müəllimlə necə davranacağımı yoxladılar. Mən real həyatda da çox təmkinli, səbrli insan olduğuma görə,  bu situasiyalardan çıxış yolunu səbrlə izah etdim”.

“İstədiyim məktəb təmas xəttinin 1 kilometrliyindədir”

Direktorların işə qəbulu ilə bağlı təkliflərinə gəlincə isə gənc müəllim müsahibənin tam şəffaf keçirildiyini, bununla bağlı hər hansı təklifinin olmadığını bildirib:

“Sadəcə, müsahibədə bir şeyi başa düşdüm: Çox bal toplamaq direktor olmaq demək deyil. Buna müsahibə qərar verir.

Amma testlə bağlı bəzi təkliflərim var. İmtahanda məntiqdən 15 sual düşür. İxtisasım Tarix müəllimi olduğuna görə, onları cavablamaqda çətinlik çəkdim. Bu, humanitar meylli müəllimlər üçün çətinlik törədir. Riyazi məntiqi biraz azaltsalar, yaxşı olar. Bu baxımdan Riyaziyyat müəllimləri bizdən bir addım öndə olurlar”.

Amma Samir müəllim bunları şərəfli yolda kiçik maneələr kimi görür. O, Ağdamın təmas xəttinə ən yaxın məktəbində direktor olmaq istəyir:

“Məktəb təmas xəttinin 1 kilometrliyindədir. Hara təyinat alacağım  məndən asılı deyil, amma elə həmin məktəbin direktoru olmaq istərdim. Bu, mənim üçün şərəfdir. Əlimdə silah tutub cəbhədə dayanmasam da, düşünürəm ki, bu da dövlətimə xidmətin başqa bir növüdür.

Təmas xəttinə yaxın olmağına baxmayaraq, çox yaxşı modul tipli məktəblə təmin olunmuşuq. Məktəbin hər şəraiti var. Fəaliyyətimdə də təmas xəttinin yaxınlığındakı məktəblərin şagirdlərində vətənpərvərlik ruhlarının yüksəldilməsinə diqqət edəcəyəm. Buradakı insanlar daha həssasdırlar. Çünki hər biri məcburi köçkün ailəsindəndir. Vətənlərindən ayrı düşüblər.

İşlədiyim məktəbdə hər kəsin kollektiv olması üçün çalışacağam. Məktəbdəki hər kəs bir məqsədə xidmət etməlidir: ölkəmiz üçün yararlı vətəndaş yetişdirmək.

Müəllim üçün addi durum ikinci planda olmalıdır. Onsuz da, dövlət bizi maddiyyatla təmin edir. Elə müəllim, məktəb direktorları var ki, əsas fikirləri ayın sonu maaş almaqdır. Amma mən şagirdlərin daha təhsilli, şəxsiyyət kimi böyüməsini diqqətimdə saxlayacağam. Şagirdlər üçün, müəllimlərin həvəsləndirilməsi, onların məsuliyyətlərinin artırılması üçün çalışacağam”.

Qeyd edək ki, növbəti rayonlar üzrə də müsahibələrin keçirilməsi gözlənilir. Müsahibələrin keçiriləcəyi tarix barədə namizədlərə məlumat veriləcək.

Müsahibə zamanı namizədlərə təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri, təhsil sahəsindəki islahatlar, strateji hədəflər, təhsil müəssisələrinin idarə olunması, məktəb sənədlərinin aparılması, tədrisin təşkili, təhsilin iqtisadi məsələləri, əmək qanunvericiliyi və s. ilə bağlı suallar verilir. Bundan əlavə, onun  dünyagörüşü, məlumatlılıq dərəcəsi, özünü qiymətləndirmə, dinləmə və ünsiyyətqurma bacarıqları yoxlanılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları