Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-02 10:30:00
Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?

Elektron sistem vasitəsilə orta ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir.

Xatırladaq ki, elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur.

Bəs Bakı şəhərində sağlamlıq imkanları məhdud olan uşaqların I sinfə qəbulu necə həyata keçirilir?

AzEdu.az 2019-2020-ci dərs ili üçün  ümumi təhsil məktəblərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair ən çox verilən suala cavabı təqdim edir:

-Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib, xüsusi təhsil formasını seçməlidirlər. Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə (Valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti,tibbi arayış, 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayış) birlikdə 01.04.2019-cu il tarixdən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirməlidir.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır.

Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmət dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları