Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-13 16:05:10
Dünya Bankının Azərbaycan təhsili ilə bağlı  tədqiqat nəticələri - Maraqlı faktlar  

Dünya Bankı ekspertlərinin Azərbaycanda ali təhsillə bağlı tədqiqatının nəticələri açıqlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatları iqtisadçı Rövşən Ağayev də öz feysbuk hesabında yazıb. O qeyd edib ki, nəticələrdə 2 ciddi fakt diqqətini çəkib:

“Azərbaycanda Bakı da daxil olmaqla, şəhərdə yaşayan zəngin 20%  əhalinin 40%-nin, əsasən kəndlərdə məskunlaşan ən yoxsul 20% əhalinin isə 11%-nin ali təhsil almaq imkanı var. Ali təhsilə əlçatanlıqda ən zənginlərlə ən yoxsullar, eləcə də kəndlə şəhər arasında fərq 4 dəfəyə yaxındır.

Bir müddət öncə Dünya Bankının səhiyyə ilə də bağlı araşdırmasının nəticələri ilə tanış olmuşdum. Həmin tədqiqatda isə göstərilirdi ki, Azərbaycanda ən zəngin 10% əhali ən yoxsul 10%-lə müqayisədə sağlamlıqlarına 8 dəfə çox vəsait xərcləyirlər”.

İqtisadçının fikrincə, bu 2 faktı göstərir ki, ölkədə həm yoxsulluğun gerçək miqyasının, həm də qeyri-bərabərlik əmsalının (Gini) ölçülməsi ilə bağlı rəsmi strukturlar öz fəaliyyətlərinə ciddi korrektələr etməlidirlər:

“Nəticəli, gələcəyə ünvanlanan və keyfiyyətli sosial-iqtisadi siyasət ölçmənin və diaqnostikanın düzgün qurulmasından başlayır. Məşhur misalda deyildiyi kimi, getdiyin yol yanlışdısa, hansı sürətlə getməyinin (bizim misalda hansı miqdarda pul xərcləməyinin) əhəmiyyəti yoxdur. Hərçənd ki, bençmarkinq göstəriclərlə müqayisə edəndə, elə böyük pul da xərclənmir...

İkinci diqqətçəkən məqam isə odur ki, Azərbaycanda ali təhsillə ümumi əhatə əmsalı 23% olmaqla Cənubi Qafqazın hər 2 ölkəsindən təxminən 2 dəfə geri qalır”.

İqtisadçı sonda qeyd edib ki, Dünya Bankı sıradan bir təsisat deyil, faktlarının mötəbərliyi şübhə altına alına bilməz.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları