Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-21 10:40:44
Aprel şəhidinin məktəbli övladları Azedu.az-a yazdı: “Atamız Xalq Cümhuriyyətinin bir övladıdır”.

Azedu.az  təhsil portalı Aprel şəhidlərinin məktəbli övladları arasında “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi”  mövzusu ilə bağlı yazı müsabiqəsi keçirir.

“Aprel 2016”   Şəhid Ailələrinə dəstək İctimai Birliyi bu layihənin gerçəkləşməsində təşkilatı dəstək verir.   

Təqdim etdiyimiz  “Mənim Atam Qəhrəmandır - O, Cümhuriyyətin əsgəri idi” mövzusunda uşaqlar öz ataları haqqında düşüncələrini, xatirələrini bölüşüb, eyni zamanda 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik yolunda atalarının qəhrəmanlığından yazırlar. 

Bu dəfə,  Aprel  döyüşlərində həlak olan, Lələ Təpənin işğaldan azad edilməsində xüsusi əməyi olan hərbi qulluqçulardan biri, kiçik gizir Orxan Həmidovun övladları Vüsal və Fərid ataları haqqındakı inşalarını təqdim edirik. 

Qeyd edək ki, Vüsal hazırda 5-ci, Fərid isə 3-cü sinifdə oxuyur. Onlar  şəhid  Baxşəli Əliyev adına tam orta məktəbin şagirdləridirlər:

“Atam məni çox sevirdi. O, mənimlə bağlı böyük arzular qururdu. O,həmçinin vətənini də çox sevirdi. O, həmişə çalışırdı ki, məni də vətənpərvər bir insan kimi yetişdirsin. Atam şəhid olanda mən 3-cü sinifdə oxuyurdum. Şəhid olmamışdan bir həftə qabaq məni hərbi hissəyə apardı və məni silahlarla tanış etdi. Ora aparmağının səbəbi o idi ki, mən də atam kimi əsgər olmaq arzusunda idim. Bu gün atam yanımda yoxdur. Düzdür, ata qayğısının yerini heç nə vermir. Amma Dövlət başçımızın rəhbərliyi ilə çalışırlar ki, bir şəhid övladı kimi bizə qayğı göstərsinlər və göstərirlər də. Heç zaman unutmurlar. İndi Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyidir. Mənim atam da bu cümhuriyyətin bir üzvü idi. Atam torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Bu gün atamla fəxr edirəm və mənim ən böyük arzum böyüyəndə atamın yolunu getməkdir.Və düşmənlərdən torpaqlarımızı geri almaqdır.

İnşanı yazan 5-ci sinif şagirdi Həmidli Vüsal Orxan oğlu”

                                              *** 

“Atam məni çox sevirdi.

Məni sevdiyi kimi vətənini də sevirdi. Mənim atam dünyanın ən gözəl atası idi. Mən də atamı çox sevirdim. Mən belə igid insanın övladı olduğum üçün fəxr edirəm. Mənim atam yanımda olmasa da, arxamda dövlətimiz dayanıb. Böyüyəmdə ən böyük arzum əsgər olmaqdır. Atam kimi zirvələrə ucalmaqdır. Atam  Xalq Cümhuriyyətinin bir övladıdır. Mən də atamın övladıyam. Atam torpaqlarımız üçün canını qurban verdi. Bizim torpaqlarımızın bir hissəsi düşmən tapdağı altındadır. Böyüyəndə torpağımı qurtarmaq  üçün canımı da verərəm. Əgər mənim atam şəhid olmasaydı, mən bu inşanı yaza bilməzdim.

İnşanı yazan 3-cü sinif şagirdi Həmidli Fərid orxan oğlu”.

DOSYE: Orxan Həmidov 1980-ci ilin 29 mart günündə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub.  Kiçik gizir Orxan Həmidov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 4-ü isə Orxan Həmidov doğulduğu Füzuli rayonunun  Əhmədalılar  kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Həmidov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Orxan Həmidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.