Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-10 11:32:14
“Biz bir az yox, çox məsuliyyətsizik, ona görə də qaib vacibdir” – Yüksəkballı tələbə ilə “Atüstü söhbət”  

AzEdu.az Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri ilə “Atüstü söhbət” rubrikasını davam etdirir. 

Rubrikanın budəfəki qonağı Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Menecment fakültəsinin II kurs tələbəsi Əli Salmanlıdır. Əli, hazırda təhsil aldığı ali məktəbə qəbul imtahanlarında 622 bal toplayaraq daxil olub. 

Əli Salmanlı ilə “Atüstü söhbət”i  təqdim edirik: 

“Ağ günlərinə qara hərflərlə yazılan kollekviumlar, qaib limitinin kənarından uçurumu seyr etmək…” 

-Əli, bir günlük tələbə həyatını təsvir et…

-Səhərlər dərs eyni qaydada başlayır, amma günün gedişatında fərqinə varırsan ki, tələbəsən və öhdəliklərin var. Məsələn, oxumalı olduğun “tonlarla” mövzu var. Dərsə gecikməməlisən. Ağ günlərinə qara hərflərlə yazılan kollekviumlar, qaib limitinin kənarından uçurumu seyr etmək, semestr imtahanları, hələ oğlan tələbəsənsə, yemək bişirmə dərdi, pulu ayın sonuna qədər çatdırmaq və.s kimi problemlər tələbənin gün ərzində fikirləşdiyi, nəzərindən keçirdiyi məsələlərdir. Boynumuza alaq ki, bütün bu problemlərdən çox əylənməyi, istirahət etməyi fikirləşirik və belə də edirik.

- Abituriyent 700 bal toplamaq üçün….(cümləni tamamla)

-700 bal toplamaq üçün dəridən-qabıqdan çıxmaq, gecəni gündüzünə qatmaq lazım deyil. Sadəcə oxuduğun dərslərə ötəri yanaşmamaq, diqqətini dağıdacaq əşyalardan-telefondan, kompüterdən və.s uzaq durmaq lazımdır. Lakin bu heç də telefonla, kompüterlə qəti oynamaq olmaz anlamına gəlmir. Hər insanın əylənmək, istirahət etmək kimi ehtiyacları var. Abituriyentlərə tövsiyəm odur ki, imtahanda həyəcan keçirməsinlər, çünki bu son deyil.

-Hər tələbə mütləq nələrə əməl etməlidir?

-Hər tələbənin əməl etməli olduğu əsas şərtləri sadalamaq istəyirəm: Qaib limitinə yaxın durmasınlar. Ola bilər,  vacib iş çıxar və dərdə gedə bilməzlər. Bu da kəsirə qalmalarına səbəb ola bilər. Semestr imtahanlarına giriş balı nə qədər yüksək olarsa, imtahan bir o qədər rahat keçər. Son olaraq da onu deyim ki, imtahana hazırlığı son günə saxlamasınlar, çünki son gün heç nə oxumayacaqlar.

“ADA Universitetinə xüsusi rəğbətim var”

- “Hər şey universitetə daxil olana qədərdir” deyənlərə nə söyləmək istərdin?

-Əslində, bu deyimdə tərslik olduğundan əvvəldən şübhələnmişdim. Çünki bu cümləni heç bir tələbədən eşitməmişəm. Bunu mənə ya yaşlı biri, ya da ali məktəbdə təhsil almayan şəxslər demişdi. İndi isə onlara demək istəyirəm ki, heç də sizin dediyiniz kimi hər şey düzəlmir. Əksinə, daha da çətinləşir, hətta canımızdan can çıxır.

-Səncə, kəsirsiz tələbə əsl tələbə sayılır?

- Məncə, kəsirsiz tələbə, tələbə sayılmaz  deyimi yanlışdır. Çünki hələki kəsirim yoxdur və özümü əsl tələbə hesab edirəm. Əgər hər tələbə bayaq qeyd etdiyim kimi əməl etməli olduğu qaydalara əməl etsə, kəsir olmadan əsl tələbə kimi həyatını davam etdirə bilər.

-Hansı ali məktəbə xüsusi rəğbətin var?

-DİA-ya sevgim sonsuz olsa da, ADA Universitetinə xüsusi rəğbətim var. İndi bunu deməyim nə dərəcədə düzgündür, bilmirəm. ADA haqqında bir neçə yerdə məlumatlar oxumuşam. Məsələn, ADA-nın yataqxanası yüksək keyfiyyətlərə malikdir, dərslər yüksək səviyyədə, xüsusi metodikayla aparılır. Universiteti bitirdikdən sonra işlə təyinat və.s həqiqətən də bir təhsil mərkəzi tərəfindən atılan ən önəmli addımdır.

“Hüquq barədə heç bir məlumatı olmayan hüquqşünas, qandan qorxan isə həkim olmaq istəyir”

-Azərbaycanda qaib sisteminə ehtiyac zəruridirmi?

-Qaib sistemi Azərbaycan üçün ən vacib şərtdir. Gəlin, boynumuza alaq ki, bir az yox, xeyli məsuliyyətsizik. Əgər bilsək ki, qaib yazılmayacaq, həmin dərsə girmərik. Öz gələcəyimizə görə belə bunu etmərik. Necə ki, yol hərəkəti qaydaları sürücüləri tənzimləyir, qaib sistemi də tələbə və abituriyentləri tənzimləyir.

-DİA tələbələrini digər universitetlərin tələbələrindən nələr fərqləndirir?

-Bu sual tamamilə bizim, yəni DİA tələbələrinin istədiyi sualdır. Bizi digər tələbələrdən fərqləndirən əsas göstəriciləri sadalamaq istəyirəm: Birincisi, DİA-da oxuyan hər tələbə yüksək bal topladığı üçün, bu onların mədəniyyət səviyyələrinə də təsir göstərir və insanin ətrafı yaxşı ,tərbiyəli insanlardan ibarət olur. İkincisi, imtahanların 3 cür - yazılı, şifahi və test formasında aparılmasıdır. Üçüncü üstünlüyümüz isə müəllimlərimizin digər universitetlərdəki kimi olmaması və demək olar ki, heç kimin kəsilməməsidir. Dördüncüsü isə Akademiya tələbələrinin əksəriyyətinin ortalama balının 90-dan yuxarı olmasıdır.

-Əli, universitetdə yaddaşında ən pis qalan müəllimi təsvir et..

-Bu suala cavabımı isə İqtisad Universitetindən DİA-ya dərs deməyə gələn Söhrab müəllimə “həsr etmək” istəyirəm. Hələ də anlaya bilmirəm ki, bir müəllim eyni cümləni yazmış iki tələbənin birində həmin cümləni düzgün, digərində yanlış necə götürə bilər?! Hələ bu azmış kimi Makroiqtisadiyyat dərsi keçən müəllimin hərf səhvi tutmasının nə demək olduğunu başa düşə bilmirəm.

-Səncə, niyə yüksək bal toplayan abituriyentlər demək olar ki, eyni ixtisasları seçirlər?

-Məncə, bunda kütlə psixologiyası böyük üstünlük təşkil edir. Hüquq barədə heç bir məlumatı olmayan hüquq ixtisasını seçir və ya qan görəndə qorxan biri həkim olmaq istəyir. Niyə? Bütün bunların səbəbkarı, məncə valideynlərdir. “Oğlum həkim və ya qızım hüquqşünas olacaq” deyə-deyə  övladlarına seçim şansı qoymurlar. Bu da onların gələcəkdə belə müstəqil qərar vermələrinin qarşısını alır. Bu məsələdə şanslıyam. Çünki valideynlərim bu seçimi özümə buraxmışdılar.

Universitet bufetlərində dadlı çaylara və yeməklərə ehtiyac var”

-Müasir tələbə nə istəyir?

-Müasir tələbəyə ilk olaraq yüksək təqaüd lazımdır. Çünki əgər tələbə və üstəlik oğlansansa, öz ayaqların üstündə durmağı bacarmalısan. Bu qədər təqaüdlə bunu bacarmaq çətin məsələdir. Hər hansı işlə məşğul olsan da, dərs oxumağa vaxtın çatmayacaq. Daha sonra müasir tələbəyə ağıllı lövhələrdə işləməyi bacaran, dərs metodikalarını yeniləyən, yeniliklərlə ayaqlaşan, həvəsli, öz biliyini tələbələrə çatdırmağı bacaran müəllimlər lazımdır. Ən əsası isə müasir oldu və ya olmadı, hər  tələbənin ehtiyacı olan bufetlərdə normal, dadlı çayların, yeməklərin verilməsidir.

-Ali məktəblərdə imtahan sistemi necə olmalıdır?

-İmtahanların ən münasib aparıldığı ali təhsil mərkəzi, məncə, elə DİA-dir. Çünki ixtisas və qeyri-ixtisas fənnləri var. İxtisas fənləri yazılı, qeyri-ixtisas fənləri isə testlə aparılmalıdır. Elə ən yaxşı sistem 50-50 bal sistemidir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları