Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-27 12:28:18
Əcnəbi ölkədə “28 May” adlı qəzet buraxan tələbəmiz: ”Rektor olsaydım, ilk bunu ləğv edərdim” - MÜSAHİBƏ  

Ruslan Dost Əli: “Rektor olsaydım, yəqin ki, ilk işim bütün qiymət cədvəllərini ləğv etmək olardı”

AzEdu.az Azərbaycan və dünyanın müxtəlif universitetlərinin tələbələri ilə “Atüstü söhbət” rubrikasını davam etdirir. 

Rubrikanın budəfəki qonağı Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alan Ruslan Dost Əlidir. 

-Ruslan, səncə Azərbaycanda tələbələr üçün hansı imtiyazların olması vacibdir?

-İndi elədövrdə yaşayırıq ki, hər şey əlimizin altındadır. İstənilən məsələ haqqında bir toxunuşla onlarla kitab, yüzlərlə məqalə əldə edə bilirik. Yetər ki, oxuyaq. Ancaq tələbənin maddi cəhətdən sıxıntı çəkməməsi üçün bütün mümkün addımların atılmasını məqbul hesab edirəm. Çünki maddi problemi olan tələbə dərslərə fokuslana bilməyib, mənəvi-psixoloji problemlərlə üzləşir. Əlbəttə, bu da şəxsi həyatla birlikdə təhsil fəaliyyətinə da mənfi təsir göstərir. Elə bu yaxınlarda müvafiq sərəncamla tələbə təqaüdləri artırıldı. Bu, çox sevindirici haldır. Düşünürəm ki, qərar ölkədə bütün tələbələrin bilik səviyyəsinin artmasına öz təsirini göstərəcək.

Azərbaycanda tələbələr üçün ictimai nəqliyyatın tam ödənişsiz olması da çox gözəl olardı. Əlavə olaraq, müxtəlif kafelərdə, restoranlarda, həmçinin, alış-veriş mərkəzlərində, geyim mağazalarında, yalnız tələbələr üçün xüsusi endirim kampaniyalarının mövcud olmasını çox istəyərdim.

-Bir günlük rektor olsaydın, ən vacib hesab etdiyin hansı islahatı həyata keçirərdin?

-Rektor olsaydım, ilk işim yəqin,  bütün qiymət cədvəllərini ləğv etmək olardı...

-Ruslan, səncə, hazırda oxuduğun ölkənin təhsil sistemindəki hansı yeniliklər gələcəkdə  bizim universitetlərə də tətbiq oluna bilər?

-Təhsil aldığım universitet hər il bir neçə tələbəni bir və ya iki semestrlik Türkiyənin və başqa ölkələrin müxtəlif ali məktəblərinə göndərir. Həmin tələbələr orada öz təhsillərini davam etdirir, yeni biliklər, təcrübələr qazanırlar. Buna tələbə mübadiləsi də deyirlər. Bildiyimqədərilə, bizim bəzi universitetlərdə bu sistem mövcuddur. Ancaq sistemin bütün universitetlərimizdə tətbiqi çox yaxşı olardı.

“Bugün yaxşı qiymət almaq üçün oxuyan tələbə,  əzbərçiliyəmeyilli olacaq. Nəticədə, sabah bir ərizəni yazmağa belə əziyyət çəkəcək” 

-Bəzən, ölkəmizdə imtahan sisteminin düzgün qurulmadığını əsas gətirərək, gənclərimizinəksəriyyətini “əzbərçi”adlandırırlar...

-...Keçən il qəbul imtahanında 700 bal toplayan bir gəncin ərizə yaza bilməməsi gündəm mövzusu olmuşdu. Bu mənada, gənclərimizin əksəriyyətini “əzbərçi”adlandıra bilərik.Onların dərs vəsaitləri ilə birlikdə müxtəlif sahələrə uyğun kitablar, xüsusilə bədii ədəbiyyat oxuması onların həm danışıq, həm də yazı qabiliyyətlərini inkişaf etdirə biləcək ən başlıca amildir. Yüzlərlə sualın cavabını əzbərləyib imtahandan keçmək, hətta yüksək nəticə belə göstərmək olar, ancaq bir müddətdən sonra onlar yaddan çıxır, unudulub gedir. Oxuduğunu anlamaq, onu dərk eləmək vacibdir.

-Bəs,səncə, təhsil sistemində nələrin əsaslı  dəyişiminə ehtiyac var?

-Ən inkişaf etmiş ölkələrin nüfuzlu  universitetlərində belə klassik standartlara uyğun imtahan əsas götürülmür. Belə universitetlərdə tələbənin özünü ifadəsi, təfəkkürü, düşüncə tərzi, həyata, insanlara və məsələlərə yanaşması vacib element olaraq götürülür. Məsələn, Oksford Universitetində hər tələbə təhsil aldığı sahədən asılı olmayaraq, müxtəlif ixtisaslar üzrə yetişdirilir. Nəticədə o, gələcəkdə bir neçə sahədə işləmək bacarığına yiyələnmiş olur. Əlbəttə, belə bir köklü universiteti yenicə müstəqil olmuş  dövlətin universitetləri ilə müqayisə eləmək düzgün olmazdı. Deməyim odur ki, dünyanın inkişaf etmiş təhsil müəssisələri yarışa tələbə hazırlamır, gələcəkdə cəmiyyətə xeyir verəcək, insanlara yararlı ola biləcək əsl insan yetişdirirlər. Təhsildə başlıca məqsəd də elə bu olmalıdır.

Təbii ki, yalnız bizim universitetləri nəzərdə tutmuram. Bu, əksər ölkələrin təhsil müəssisələrinin ortaq problemidir. Bayaq qeyd etdiyim kimi,rektor olsaydım, bütün qiymət cədvəllərini ləğv edərdim. Eləsistem yaratmaq lazımdır ki, hər tələbə oxumağın bilavasitə özü  və gələcəyi üçün vacib olduğunu anlasın. Bugün yaxşı qiymət almaq üçün oxuyan tələbə əzbərçiliyə meyilli olacaq. Nəticədə, sabah bir ərizəni yazmağa belə əziyyət çəkəcək. Bu, çox ciddi məsələdir. Gələcəkdə qarşısı alınmaz fəsadlara yol aça bilər.

-Ruslan, təhsil aldığın ölkədə tələbə həyatıvə bir günlük yaşam tərzindən bir az danışardın...

-...Tələbəlik illəri yəqin ki, ömrün ən yaxşı, maraqlı, qaynar və en enerji dolu  çağlarıdır; bütün çatışmazlıqları, sıxıntıları ilə ömrün əvəzsiz, ən gözəl dövrü hesab olunur. Bugünə kimi buillərindən danışan insanların üzündə yalnız fərəh gördüm.

Məncə, tələbələrin gündəlik həyat tərzi bir-birindən o qədər də fərqlənmir. Universitetimizdə tez-tez maraqlı tədbirlər, müsabiqələr keçirilir. Ancaq ali məktəbimizinən böyük özəlliyi demək olar ki, türk dünyasının hər yerindən gəlmiş gənclərlə bir arada olmaqdır. Köklərimiz nə qədər bir olsa da, xaraktercə bir-birimizə nəinki oxşamırıq, hətta ziddiyyət təşkil edən məqamlarımız da az deyil. Müxtəlif türkdilli ölkələrdən olan dostlarımla günümüzü şən və səmərəli keçirməyə çalışırıq. Ətrafımda olan fərqli insanlarla hər günün başqa rəngi, başqa gözəlliyi var.

-Xarici mühitdə təhsil aldığına görə daha çox mədəniyyət faktoru, mədəni nümunələrlətanışlıq imkanın var. Elmi yeniliklərdən xəbərdar gənc kimi səncə, nəyi insanoğlunun ən böyük elmi uğuru hesab etmək olar?

-Bu yaxınlarda çinli alimlər 5G texnologiyalı cihaz icad ediblər. Həmin cihaz vasitəsilə həkim istənilən yerdən başqa şəhərdə olan xəstəni əməliyyat edə biləcək. Bu kəşf milyonlarla insan ölümünün qarşısını almaq üçün əvəzsiz vasitədir. XXI  əsr bizdən həm də vaxt itkisini minimuma edirməyimizi tələb edir. Ümumilikdə isə dünyanın dörd bir yanını bürüyən neqativlikləri görəndə, insanoğlunun hələ ən böyük uğura imza atmadığını deyə bilərik.

“....kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən; Sənsən dünyadan köçən...”

-Qazaxların gözündə Azərbaycan necə ölkədir?

-Qazaxların Azərbaycana, xüsusilə də Bakıya olan sevgisinin dəfələrlə şahidi olmuşam. İki il öncə Astana şəhərində Avrasiya kitab sərgisi keçirilirdi. Orada bir çox müsəlman ölkələrinin nümayəndələri var idi. Onların hər biri ölkəmizə olan sevgisini açıqca bizə deyirdilər. Öncədən Bakıda olan insanlar bir daha ölkəmizə səfər etmək istədiklərini, olmayanlar isə təəssüflərini paylaşırdılar.

-Ədəbiyyata meyilli gənc olmağın demək olar ki, hər cümləndən hiss olunur. Bəs, həyatın boyu oxuduğun əsərlərin içərisində səni ən çox düşünməyə vadar edən cümlələr hansılar olub?

-Əlbəttə, oxuduğum hər kitabda məni düşünməyə vadar edən yüzlərlə, bəlkə də minlərlə cümlə var. İndi bunlardan birini yaxşı xatırlayıram. ErnestHeminqueyin "Əcəl zəngi" romanının girişi ConDonnun fikirləri ilə başlayır: " Dünyada elə bir insan yoxdur ki, Ada kimi tək-tənha dayanıb dursun: hər insan Qitənin bir hissəsi, Qurunun bir parçasıdır; Dalğalar sahildəki Qayanı yuyub aparsa, Avropa bir qaya qədərində kiçilər. Tufan sənin, ya bir dostunun evini yerlə yeksan eləsə, dünya bir ev azalar; eləcə də hər insanın ölümü mənim ömrümü gödəldir, çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən; Sənsən dünyadan köçən”.

-Ruslan, kimə xüsusi rəğbət bəsləyirsən?

-Yer üzündə var olan bütün insanlardan fərqləndirdiyim, xüsusi rəğbət bəslədiyim tək insan məni dünyaya gətirən qadındır! Dünyada yeganə səbəbsiz sevə bildiyimiz insan anadır. Onun haqqında danışanda kəkələyirəm, yazanda əllərim əsir. Bugün də məni sarsılmağa, yolumdan dönməyə qoymayan onun mənə olan inamıdır. Mən vətənin nə və ananın kim olduğunu çox gec başa düşmüşəm. Ancaq yaxşı ki, bugün bunun fərqindəyəm.

-Təhsil həyatınla bağlıhansı qərarları almaqda çətinlik çəkmisən?

-Ümumiyyətlə, qərar verməkdə çox vaxt çətinlik çəkirəm. Görünür, bu həm də sonradan peşman olmaq istəməməyimlə bağlıdır. Çünki bugünə kimi verdiyim hansısa qərar üçün peşman olmadığımı əminliklə deyə bilərəm. EləQazaxıstanda təhsil həyatına başlamağımla bağlı qərar vermək də bir xeyli çətin olmuşdu. Beş il keçib, artıq universiteti bitirmək üzrəyəm və düşünürəm ki, beş il öncə nə yaxşı ki, bu qərarı vermişəm.

Digər bir çətin qərar isə ötən il Qazaxıstanda "28 MAY" qəzetini nəşr etdirməklə bağlı olub. Düzü, tərəddüdlərim var idi. Düşünürdüm, görəsən bacara bilərəmmi? İşi yarımçıq qoymağı sevmirəm. Belə olanda ruh yüksəkliyim azalır, növbəti iş üçün stimulum olmur, özümə inamım zəifləyir. Həm də bu qəzeti nəşr etdirmək bir şərəf məsələsi idi, bu yola çıxdınsa, geriyə çəkilmək olmazdı. Onu da deyim ki, işin çətinliyindən heç vaxt qorxmuram, əksinə, asan işi hamı görə bilər, əsas çətin işi görə bilməkdir deyirəm. Sadəcə, iş prosesində məndən asılı olmayan halların baş verə biləcəyinə görə ehtiyat edirəm, çünki bu ümumi işin zərərinə ola bilər. Buna görə də necə deyərlər, həmişə yüz ölçüb bir biçirəm. Həmişə potensialımın hara qədər olduğunu bilmişəm və özümə inanmışam. "28 MAY" qəzetində dəyanılmamışdım.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları