XƏBƏRLƏR

05.12.2019 12:37
"Uşaq bağçalarında qidadan zəhərlənmə halları çoxalıb" - Qaranlıq məsələlərinin üstü açılır

Xəbər verdiyimiz kimi, artıq 2 aydan çoxdur ki, Bakı şəhərinin məktəbəqədər təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin öyrənilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya tərəfindən yoxlamalar aparılır.

Qeyd edək ki, komissiyanın apardığı yoxlamalar nəticəsində uşaq bağçalarında sanitar-epidemioloji vəziyyətin əvvəlki illərlə müqayisədə daha qənaətbəxş olması müəyyən edilib, lakin bununla yanaşı bəzi bağçalarda müəyyən nöqsanlar aşkarlanıb.

Maraqlıdır, hazırda ölkədəki bağçalarla bağlı əsas hansı problemlər qalmaqdadır? Bunları necə aradan qaldırmaq olar?

AzEdu.az xəbər verir ki, mövzu ilə bağlı Lent.az -ın suallarını cavablayan Təhsil Nazirliyi yanındakı İctimai Şuranın üzvü, təhsil eksperti Nadir İsrafilov bildirib ki, uşaq bağçalarında sanitar-epidemioloji vəziyyət qənaətbəxş olmalıdır: “Düşünürəm ki, bəzi bağçalarda müəyyən nöqsanlar aşkarlandıqdan sonra bununla bağlı ciddi addımlar atılıb və ya atılacaq. Müzakirə edilən mövzu olduqca vacibdir. Bağçalarda yoxlamalar isə daimi olaraq aparılmalıdır. Çünki ancaq davamlı yoxlamalardan sonra müsbət nəticə əldə edə bilərik”.

N.İsrafilov qeyd edib ki, hazırda ölkədəki bağçalarla bağlı əsas problem sayla bağlıdır:

“Uşaqları qoymaq üçün bağça sayları çox məhduddur. Sovet dövründə məktəbəqədər təhsilə xüsusi önəm verilirdi, təəssüf ki, indi belə deyil. 1990-cı illərdə özəl sektoru inkişaf etdirmək üçün bağçalar özəlləşdirməyə çıxarıldı, ancaq bağçalar istiqaməti əsasında işləmədi. Belə ki, 300-ə qədər bağçanın müəyyən hissəsi söküldü. Onların yerində isə göydələnlər, şadlıq sarayları tikildi və buna görə də bağçalarda sıxlıq yarandı. Daha sonra özəl bağçalar yaranmağa başladı, ancaq əhali üçün bağça qiymətləri əlçatan olmadığı üçün hamı uşağını özəl bağçaya göndərə bilmir. Ümumilikdə, dövlət bağçalarında yerin olmaması, özəl bağçaya isə ailə büdcəsinin yetərli olmaması səbəbindən bağça problemi həll olunmamış qalır.

Xatırladım ki, 2003-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin aşağı olması öz əksini tapmışdı. Orada bildirilirdi ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edir. Son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsi artsa da, bu sahədə həllini gözləyən problemlər qalmaqdadır.

Hətta elə kəndlər, ərazilər mövcuddur ki, orada bağçalar yoxdur. Uşağı bağçaya qoymaq üçün isə uzun yol qət etməlisən və bunu hər gün etmək mümkün deyil. Bununla bağlı prezident İlham Əliyevin bir neçə dəfə göstərişi oldu, bildirildi ki, əhali bağçalarla təmin olunsun. Hazırda bu istiqamətdə işlər gedir. Ümid edirəm ki, bağçaların sayının artmasında növbəti illərdə də işlərə davam ediləcək və bu problem aradan qalxacaq”.

Təhsil eksperti əlavə edib ki, bağçalar yenidən Təhsil Nazirliyinin tabeliyinə verilməlidir:

“Hazırda məktəbəqədərin müəyyən hissəsi onsuz da məktəblərdə həyata keçirilir. Məsələ ondadır ki, təhsildə varislik, fasiləsizlik, tamlıq, ardıcıllıq və s. prinsiplər var. Bağçalar nazirliyin tərkibində verilməlidir, çünki təhsil sistemli olmalıdır.

Fikirlərimlə bağlı bir neçə dəfə ayrı-ayrı ekspertlər, mütəxəssislər tərəfindən məsələ qaldırılıb. Bildiyiniz kimi, Təhsil Nazirliyi yanında İctimai Şura yaradılıb ki, orada mən də üzv seçilmişəm. Həmin şurada təhsillə bağlı məsələlər, problemlər müzakirə ediləcək və bunların hamısı təkliflər kimi nazirliyə təqdim olunacaq. Düşünürəm ki, bağçaların nazirliyin tabeliyinə verilməsi də təkliflər arasında yer alacaq. Çünki təhsil sistemdir və məktəbəqədər də bunun bir hissəsidir”.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə isə son dövrlərdə uşaq bağçalarında qidadan zəhərlənmə halları çoxalıb:

“Buna əsas səbəb məktəbəqədər təhsil müəssisələrində təhsil alanlara verilən qidaların köhnə olmasıdır. Bir neçə ildir ki, uşaq bağçaların icra hakimiyyətlərinin nəzdindədir. Bundan narazı qalanların sayı çoxalmağa başladı. Son vaxtlarda da yüksək dövlət qulluqçularının bağçaların icra hakimiyyətlərindən alınmasını təklif etməsi icra hakimiyyətlərini narahat etməyə başladı və onlar sadəcə görüntü yaratmaq üçün fəaliyyətə başlayıblar.

İlk növbədə qeyd edim ki, Azərbaycanda dövlət bağçalarında uşağın bir günlük qidalanmasına 5 manat 70 qəpik vəsait ayrılır. Normativə görə, bir körpəyə gün ərzində 120 qram çörək, 37 qram yarma və bu minvalla digər ərzaq komponentləri verilə bilər. Sözsüz ki, bu, uşaqların normal qidalanması üçün yetərli ola bilməz. Düşünürəm ki, meyvə, şirə, çörək, ət, tərəvəz, süd və s. məhsullar üzrə normalar artırılmalıdır. Bundan başqa, menyuda əti əvəz edən məhsullar, məsələn, lobya, mərci və s. də olmalıdır. Eyni zamanda, menyu yeknəsəq olmamalı, elə ardıcıllıq qurulmalıdır ki, uşaqlar lazımi kalorini ala bilsinlər. Amma real vəziyyət odur ki, hal-hazırda uşaq bağçalarında qidalanma tamamilə aşağı səviyyədədir”.

Təhsil eksperti qeyd edib ki, hal-hazırda ölkədə 1 656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var:

“Danılmaz faktdır ki, bağçalar körpələrin təlim tərbiyəsində mühüm rol oynayır. Hər yaşın özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır. Lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünyanın aparıcı dövlətləri ilə müqayisədə çox aşağıdır. Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəssüflər olsun ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75%-lik uşaqda bağçalara cəlb olunsun.

Dünya təcrübəsindən qeyd edim ki, Amerikanı götürsək, bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. 2011-ci ildə prezidentin sərəncamı ilə bağçalar Təhsil Nazirliyindən alınıb icra hakimiyyəti orqanlarına verildi. Bundan sonra bağçaların fəaliyyəti diqqətdən kənarda qaldı. Ancaq bizdə bu sahəyə kifayət qədər vəsait ayrılmalı, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir. Elə-belə pərakəndə şəkildə olmamalıdır. İş adamları özəlləşdirmək istədikləri bağçaları standartlara uyğunlaşdırmalıdırlar. Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi də fəaliyyət göstərmir. Düzdür, son illərdə ölkədə məktəbəqədər təhsil müəssisələri dünya standartlarına yaxınlaşıb. Amma normativlər - uşaq bağçasının quruluşu, işləmə metodu, idarə edilməsi baxımından isə hələ dünya standartlarına cavab vermir”.

K.Əsədov son olaraq bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin quruluşu ilə bağlı normativlər Sovet dönəmində hazırlanan normativlər əsasında hazırlanıb:

“Bu gün də o normativlər tətbiq olunur. Günün reallıqları da o normativlərlə uyğunlaşmır. Məsələn, məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı normativlər var. Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetr olmalıdır. Doğrudur özəl bağçalar da istər qidalanma, istər tədris məsələsi dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burda çalışan işçi – tərbiyəçilər uşaqlara daha həssas yanaşırlar. Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlanılması mümkün deyil . Qanunvericilik yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsini yoxlaya bilir. Təəssüf ki, heç bir qurum bağçalarla bağlı yoxlama aparmır.

Hesab edirəm ki, bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır. Necə ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı və bütün peşə təhsili vahid sistemə tabe edildi, bu bağçalara da şamil edilməlidir. Bu həm də tədris vahidliyinin qorunması üçün labüddür. Hal-hazırda icra hakimiyyətlərinin bağçalara yemək paylaması və verməsi məsələsi qaranlıqdır. Burada ictimai nəzarət yoxdur. Statistika idarəsinin məlumatlarında da ən çox qidadan zəhərlənmə hallarının məhz dövlət bağçalarında baş verməsi qeyd olunur”.