Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-01 17:45:00
Cəhrə səsinə sığınan adamın  Kəlbəcər “səyahəti” -  FOTO  

“Ailədə altı uşaq olmuşuq, üç qız, üç oğlan. Anam bizi çox çətinliklə böyüdüb. Gündüzlər kolxozda əvvəlcə sağıcı, sonralar isə tütünçü işləyib, gecələr isə 3 manat, 5 manat qazanmaq üçün ona-buna cəhrə əyirib, yun darayıb, corab, xalça toxuyub. Bizi ağır zəhmətlə boya-başa çatdırıb. Üç qardaş üçümüz də ali təhsil almışıq. Anam cəhrəsini işə salanda öz zümzümələrini də əskik eləməyib, bayatılarını da qoşub cəhrəsinin səsinə. Anamın səsindən, bayatısının cazibəsindən çıxa bilməmişəm”.

Nəsib Nəbioğluna aiddir bu sözlər... Şair, AYB-nin Moskva bölməsinin katibi, Rusiya ilə Azərbaycan ədəbi mühiti arasındakı əsas əlaqələndiricilərdən olan söz sərrafı Nəsib Nəbioğluna...Daha dəqiq desək, cəhrə səsinə sığınan Kəlbəcər həsrətlisi Nəbioğlu Nəsibə....

Rəşid Behbudov adına Mahnı Teatrında Nəsib Nəbioğlunun 65 illik yubileyi qeyd olundu. Azərbaycan Yazıçılar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai Birliyinin   təşkilatçılığı ilə keçirilən bu tədbirdə Nəsib Nəbioğlu  sanki 65 yaşına qədər qazandığı, misqal-misqal topladığı İşıq altında bütün qonaqları birləşdirdi. Onları vahid ziya çadırının altına yığdı.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, BAMF-ın sədri Umud Rəhimoğlu, filoloq alim İlham Məmmədli – hər kəs çıxışlarında sanki bu ziyanın bütün daxili qatını çözməyə çalışdılar. Çözdülər də... Kimisi bir misqal az, kimisi bir misqal çox...

Aşıq musiqiləri səsləndi... Kəlbəcər dağlarından süzülüb gələn su kimi üzlərə çiləndi, gen dərələrdən əsən meh kimi saçları sığalladı... Aparıcı Ənvər Əhməd Nəsib Nəbioğlu ilə gülüb, onunla qəhərləndi...

Çıxışlar, ifalar bir-birinə qarışdıqca Nəsib Nəbioğlu 40 ilin qəribliyini kürəyində xəncər kimi daha çox hiss etdi...

40 ildən çoxdur ki, Moskvada yaşayıb, orada müxtəlif məsul vəzifələrdə çalışıb. Dünyanın bir çox ölkələrində işgüzar və yaradıcı səfərlərdə olub. Tanınmış şəxsiyyətlər, rəhbər şəxslərdən tutmuş sıradan insanlara qədər yüzlərlə insanla söhbətləşib. Lakin... Heç zaman həmin cəhrə səsinin içindən çıxa bilməyib.

Beləcə, illərdir, üzünü görmədiyi doğma Kəlbəcərlə, o Kəlbəcərdəki gənc Nəsiblə baş-başa verib, bu SƏSin içində yaşamaqdadırlar...

Qəribliyin ikinci qatındakı adam...

Moskvada düz 40 ildir ki, üzərində Kəlbəcər gəzdirir... Olduğu məclisə, qonaqlandığı yerə  özüylə Kəlbəcər aparır... Bu gün qərib diyarlardakı yurddaşlar Nəsib Nəbioğlunun duzlu-məzəli söz-sovu, şəhdli-şirəli söhbətlərindəki sərin Qarabağ mehinə, isti yurd hənirinə sığınırlar sanki... Kəlbəcər dağlarından əsər sərin meh indi Nəsib şairlədir... Gözlərindəki nur qarışıqlı kədərində, saçlarının dümağlığında qürbət-qürbət dolaşır, qərib yurddaşlara Vətən sovqatı bağışlayır...

Nəbioğlu Nəsib bu gün yenə də qürbətdə yaşayır. Amma harada olmasından, çalışmasından asılı olmayaraq, o ömrünün Kəlbəcər çağını yaşayır. O, çağı, o zaman kəsimini və ən nəhayət həmin sehirli-sirli məkanı saxlayan cəhrə səsini tərk etmir, ora sadiq qalır... Əsl Nəsib Nəbioğlu görmək istəyən kəslər isə onu bu sadiqliyin içində axtara bilərlər....

65 illik yubileyində isə Nəsib Nəbioğlunun özü yox idi...
Ənvər Əhmədin yanında o oturmamışdı. Mahnı Teatrındakı o deyildi. Nəbioğlu o gün Kəlbəcərdə idi...