Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AzEdu.az-a bildirilib ki, Günəşin fəallığı artaraq, əsasən M sinif alışmalar qeydə alınıb. Yerə yönəlmiş tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı artaraq 11 ləkə qrupunda 155 ləkə və cənub yarımkürəsində böyük tac dəliyi müşahidə olunur.
Günəş küləyinin maksimal sürəti saniyədə 839 kilometrədək artıb.
Hazırda Günəş küləyinin sürəti saniyədə 534 kilometrdir.
Günəş ləkəsi mərkəzi meridian yaxınlığında yerləşdiyindən və tac dəliklərinin də əlavə təsiri nəticəsində avqustun 8-10-da G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunub. Hazırda kosmik hava aktivdir.
Proqnoz günlərində (11-17 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faizdir.
Enerjisi 2 MeV-dən çox olan elektron və 10 MeV-dən çox enerji yüklü proton selinin avqustun 11-dən 13-dək yüksək səviyyədə olacağı gözlənilir.
Günəş küləyinin müsbət qütblü tac dəliyi axınlarının təsiri ilə sürətinin yenə də yüksək olacağı gözlənilir.
Geomaqnit sahəsinin müsbət qütblü tac dəliyi axınlarının təsiri ilə 11-13 avqustda G1 səviyyəli geomaqnit qasırğası, sonra isə 18 avqustadək qeyri-sabit və sakit səviyyələrdə olacağı proqnozlaşdırılıb.