Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-14 10:33:00
“Buraxılış imtahanlarında xarici dil  fənlərinin dinləmə sualları əsl haqsızlıqdır” – Linqafonsuzluq dərdi

“Kənd məktəblərində ümumiyyətlə, internet yoxdur. Bəlkə də Bakıda hansısa uşağın buraxılış imtahanlarına əlavə olunan dinləmə mətnlərinə hazırlaşmaq üçün "youtube"dan materiallar dinləmə imkanı var. Təəssüf ki, bəzi ucqar kəndlərdə, yaşayış yerlərində bu sadəcə xəyaldır”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı ingilis dili müəllimi Şəbnəm Cəbrayıl deyib. Onun sözlərinə görə, buraxılış imtahanlarına istənilən xarici dil üzrə dinləmə mətninin əlavə olunması haqsızlıqdır:

“Məktəbdə linqafon və ya dinamik heç nə yoxdur. Dərsliklərdə "listen", yəni "dinlə" deyə başlayan tapşırıqlar var, amma vəsaitlərdə dinləyəcək diskə rast gəlinmir. Vərəqdən hər hansı mətni dinləmək mümkün deyil. Kurikulum müəllimyönümlü deyil, şagirdyönümlüdür. Biz az danışaq, çox dinləyək. Belə olan halda, uşaq özü dinləyə, özü danışa bilməlidir”

Müəllim qeyd edir ki, xüsusi cihazsız və müəyyən avadanlıqlarsız bu mümkün deyil:

“Kənd məktəblərində ümumiyyətlə, internet yoxdur. Bəlkə də Bakıda hansısa uşağın "youtube"dan dinləmə imkanı var. Təəssüf ki, bəzi ucqar kəndlərdə, yaşayış yerlərində bu sadəcə xəyaldır.

Anam deyir ki, Laçında 26 il əvvəl linqafon otağı var imiş. 26 il sonra Bakı məktəbində təhsil alsam da, linqafon nədir bilmirəm!”.

Xatırladaq ki, IX və XI sinif buraxılış imtahanlarında şagirdlərə xarici dil fənnindən təqdim olunan 15 sualdan 6-sı dinləmə mətni əsasında tərtib olunacaq.

İmtahan otağında dinləmə mətni xüsusi qurğu vasitəsilə iki dəfə səsləndiriləcək. Səsləndirmə ümumi olacaq və tapşırıq zamanı şagirdlərin qulaqcıqdan istifadəsi nəzərdə tutulmayıb. Sualların rahat şəkildə cavablandırılması üçün imtahan zamanı zalda sakitlik təmin olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları