Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-09 11:00:00
Sabah 22 mindən çox doqquzuncu sinif şagirdi buraxılış imtahanı verəcək  

İyunun 10-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Nizami, Səbail, Suraxanı rayonlarında, Mingəçevir və Sumqayıt (2-ci hissə) şəhərlərində, Ağcabədi, Balakən, Biləsuvar, Cəlilabad (1-ci hissə), İmişli, İsmayıllı, Quba (1-ci hissə) rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

DİM-dən bildirilib ki, iyunun 10-da keçiriləcək imtahanlarda 22215 nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şagirdlər imtahana buraxılış vərəqəsini internet vasitəsilə DİM-in saytından iyunun 1-dən etibarən çap edib götürə bilirlər.