Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-11 09:00:00
Azərbaycanlı alimin beynəlxalq konfransdakı çıxışı maraqla qarşılanıb

Azərbaycan həqiqətləri ilə bağlı xarici ölkələrdə edilən hər bir məruzə və çıxış Ermənistanın işğalçılıq siyasətinə qarşı növbəti zərbənin əsasını qoyur.

AzEdu.az  xəbər verir ki, bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının mütəxəssisi, tarix üzrə elmlər doktoru Nigar Gözəlova söyləyib. Ankarada Cənubi Qafqaz ölkələrinə həsr olunan beynəlxalq konfransdakı çıxışının xarici ölkələri təmsil edən alimlər tərəfindən maraqla qarşılandığını bildirən N.Gözəlova vurğulayıb ki, əsl elm adamı, eləcə də politoloq və tarixçilər üçün həqiqəti eşitmək çox qiymətlidir. Çünki hər iki elmin əsasını gerçəklik, hadisələrə və faktlara real yanaşma təşkil edir.

Çıxışının 1918-1920-ci illərdə Cənubi Qafqazdakı prosesləri əhatə etdiyini xatırladan N.Gözəlova fikirlərini belə tamamlayıb: “Azərbaycan Xalq Cümhuriyyətinin irsi milli sərvətimizdir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması hər bir azərbaycanlı, xüsusilə də humanitar sahələri təmsil edən ziyalılar üçün konkret vəzifələr müəyyən edib. Konfrans iştirakçılarının diqqətinə çatdıra bildim ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun başlıca səbəblərindən biri bütövlükdə Cənubi Qafqazda, eləcə də Anadolunun şərqində erməni silahlı birləşmələrinin törətdikləri qiyam və basqınlar olub. Bu cinayətlər bir tərəfdən Azərbaycan xalqına qarşı soyqırımı idisə, digər tərəfdən isə müstəqilliyimizin itirilməsinə hesablanmış əməllər idi. Bunun davamı olaraq XX əsrin sonunda təcavüzkar Ermənistan dövləti xalqımıza qarşı başqa cinayətlər törətdi. Konfrans iştirakçılarının ünvanladıqları çoxsaylı suallara əsaslanaraq əminliklə deyə bilərəm ki, ermənilərin uzun illərdən bəri dünya birliyinə, eləcə də beynəlxalq elm ictimaiyyətinə sırımaq istədikləri yalanlar sürətlə öz təsirini itirir”.