Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-31 14:39:00
“"Özəl"lər pul yığmaqla,  dövlət  universitetləri isə onlardan geri qalmamaqla məşğuldur” – Partiya sədrindən SƏRT İTTİHAMLAR

“Tıxacın yaranmasının universitetə nə aiddiyyatı var?Yol hərəkəti qaydaları düzgün tənzimlənmir. Pik saatlarda dünyanın bütün ölkələrində tıxac olur. Belə bəhanə gətirib, universiteti bağlayın demək nə dərəcədə düzgündür?”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu rejissor Şeyx Əbdülün fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, özəl universitetlərin bağlanması fikri ağılsız ideyadır:

“Dünya universitet açmaqla, xalqları maarifləndirməklə məşğuldur. Belələri də ali məktəblərin bağlanması məsələsini qaldırırlar. Tıxacın olmasının universitetə nə aiddiyyatı var?Yol hərəkəti qaydaları düzgün tənzimlənmir. Pik saatlarda dünyanın bütün ölkələrində tıxac olur. Böyük şəhərlərçün tipik əlamətdir. Belə bəhanə gətirib, universiteti bağlayın demək nə dərəcədə düzgündür? Bu, taxtabitini məhv etmək üçün evi yandırmağa bənzəyir”.

Sərdar Cəlaloğlu özəl ali məktəblərin bağlanması fikrini absurd, ağlagəlməz, məntiqə əsaslanmayan, şizofrenik düşüncə adlandırıb:

“Şəhərdə nəqliyyatın rahatlığı vətəndaşların təhsilindən vacibdir? Özəl universitetlərdə təhsilin səviyyəsinə gəlincə isə bir neçə ali məktəb istisna olmaqla, əksəriyyəti kommersiya məqsədiylə yaradılıb və pul yığmaqla məşğuldurlar. Dövlət universitetləri də onlardan geri qalmır”.

Xatırladaq ki, rejissor Əbdül Mahmudov AzEdu.az-a açıqlamasında tələbə sıxlığının tıxaca səbəb olduğunu və özəl universitetlərin fəaliyyətini dayandırmalı olduğunu vurğulayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları