Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-01 10:14:00
50 yaşlı abituriyent:“Buraxılış imtahanından 200-dən çox bal gözləyirəm” - MÜSAHİBƏ

AzEdu.az Təhsil Portalı “Maraqlı adam” rubrikasında növbəti müsahibəni təqdim edir.

 

Bu dəfə haqqında bəhs etdiyimiz Şəmkir rayonu Düyərli kəndində yaşayan Həqiqət Salahovadır.

 

H.Salahova kollec və universitet təhsili olmasına baxmayaraq, 50 yaşında Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil almaq istəyir.

 

Söhbətimiz zamanı Həqiqət xanım bildirdi ki, ilk təhsilini Bakı Energetika Kollecində alıb:

 Açıklama yok.

- İlk dəfə indiki Azərbaycan Texniki Universitetinə sənəd vermişdim. Amma yüksək qiymət almağıma baxmayaraq, müsabiqədən keçə bilmədim. Sonra daha bir imtahanla indiki Bakı Energetika Kollecinə daxil oldum. Avtomatlaşdırılmış sistemlərin istismarı ixtisası üzrə təhsil aldım. Dərslərimi çox yaxşı oxuduğuma görə qrup nümayəndəsi seçildim. Buranı bitirdikdən sonra isə Azərbaycan Dövlət Neft və Sənayə universitetinə qəbul oldum. ADNSU-da təhsil aldığım illərdə ailə həyatı qurdum. Oğlum dünyaya gəldikdən sonra təhsilimi qiyabiyə keçirmək məcburiyyətində qaldım. Daha yeni ana olmuşdum deyə universitetin son ili diplom müdafiəsində iştirak edə bilmədim və bu səbəbdən diplomum da yoxdur.

 Açıklama yok.

Uşaqlarım 1-ci sinfə gedəndən 1 saylı tam orta məktəbdə “Valideyn-Müəllim Assosiasiyası”nın prezidenti seçildim. Övladlarım məktəbi bitirənə qədər bu işlə məşğul oldum. Bundan əlavə ilk vaxtlar bir çox uşağa könüllü riyaziyyat dərsi keçirdim. Sonradan bu işi repetitor fəaliyyətinə çevirdim. 10 ildən çoxdur ki, repetitor fəaliyyəti ilə məşğul oluram.

 

 

- Çox gözəl Həqiqət xanım. Bəs, 3-cü dəfə təhsil almaq qərarına necə gəldiniz?

 

- Düşündüm ki, ali təhsil alıb cəmiyyətdə öz sözümü deyə bilərəm. Hazırda 3-cü qrupa hazırlaşıram. Əslində, mən 2 il bundan əvvəl bu qərara gəlmişdim. Uşaqlarım işləmədiklərinə görə onlara maddi dəstək lazım idi.

 

- Çox istərdik ki, hazırlıq prosesiniz barədə də danışasınız. Kurslara və ya repetitor yanına gedirsinizmi?

 

- Repetitor yanına getməmişəm. Özüm hazırlaşdım. Oğlum Azərbaycan dili və ədəbiyyat müəllimidir. Azərbaycan dilindən müəyyən sualları ondan soruşurdum. O hansı kitablardan, nə oxumalıyam deyirdi. Yaxşı hazırlaşım deyə mənə test kitabı da aldı. Oxuyandan sonra testlərini də işləyirdim. Təxminən ay yarım Azərbaycan dili, 2 ay isə rus dili fənnindən  hazırlaşdım. Hazırda əvvəlki ilin məzunları üçün keçirilən buraxılış imtahanının nəticələrinin çıxmasını gözləyirəm.

 

- Buraxılış imtahanında iştirakçılara nisbətdə yaş fərqinizin olması necə qarşılandı? Sizə qarşı münasibət necə idi?

- Mən imtahan zamanı kənardakı insanların təbəssümünü hiss edirdim. Normal olaraq qapıda duran namizədlərin hamısı məndən qat-qat balaca idilər. Hətta deyirdim ki, onları gözləyən valideynlər də məndən yaşca kiçik olardı. Orada mənə baxıb “Valideynlərə içəri keçmək olmaz” deyildi. Polis üzümə diqqətlə baxıb soruşdu ki, siz də imtahan verəcəksiz? Buraxılış vərəqlərimi göstərib içəri daxil oldum. Orada üzərimi yoxlayan qadın və məktəbin içərisindəki şəxslər də olduqca təəcüblü olsalar da mənim bu təşəbbüsümü alqışladılar.

 

- Bəs sizdə həyacan var idimi?

 

-Bəli, bir qədər həyəcanlı idim. Amma suallarda çətinlik çəkmədim və çox rahatlıqla yaza bildim.

 

- İmtahanından neçə bal gözləyirsiniz?

 

-Oğlum Azərbaycan dilindən suallara baxdı. Mənə dedi ki, çox yaxşı yazmısan. Hesablamalarıma görə 200 dən yuxarı bal gözləyirəm.

 

- illər sonra yenidən imtahanlarda iştirak etmək, eyni zamanda ali təhsil almaq üçün motivasiya çox önəmlidir. Sizin ən böyük dəstəkçiləriniz kimlərdir?

 

-Bu yolda ailəm məni həmişə dəstəkləyib. Həyat yoldaşımla qəbul olduqdan sonra təhsil alacağım universitet barədə müzakirələr edirik. Mənə daima inanır. İmtahan verəndə insanlar mənə gülümsünürdü. Bu yolda məni dəstəkləməyənlər, ruhdan salanlar da var. Amma mən özümə inanıram.

 

-Həqiqət xanım, buradan gənclərə nə demək istərdiniz?

 

-Gənclərə tövsiyəm odur ki, universitetə qəbul ola bilməyəndə ruhdan düşməsinlər. Mənim bir şagirdim var birinci dəfə özünü göstərə bilmədi və kollecə qəbul oldu. Kollecdə 15-20 gün oxudu və sonra kollecdən çıxdı və yenidən hazırlaşdı. Bakı Dövlət Universitetinə daxil oldu. Gənclər həmişə özlərini inkişaf etdirsinlər. Hamı oxumalı deyil.Ən əsası isə iş tapa biləcəkləri ixtisas üzrə təhsil alsınlar.