Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-30 09:36:00
Xatirə Vəliyeva: “Sabir müəllim Xankəndinin brendidir” -MÜSAHİBƏ

1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı növbəti dəfə torpaq iddiasına düşdü və sovet hökumətinin dəstəyilə Qarabağda yaşayan azərbaycanlılar çıxılmaz duruma salındı. Dağlıq Qarabağın mərkəzində - Xankəndində yaşayan Azərbaycan ailələrini öz yurd-yuvalarından qovmağa başladılar. Beləliklə, ilk “məcburi köçkün ordusu” Azərbaycanın digər rayonlarına üz tutmalı oldu.

 

Xankəndinin ilk məcburi köçkünlərindən biri də orada boya-başa çatıb, təhsil almış “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyevadır.

 

Xatirə Vəliyeva ötən gün oxuduğu məktəbin direktoru Sabir Əliyevlə görüşüb.

 

O, həm direktoru, həm də Coğrafiya müəllimi olan Sabir müəllimlə bağlı xatirələrini AzEdu.az Təhsil Portalına bölüşüb.

 

1973-cü ildə Xənkəndi şəhərində Nizami Gəncəvi adına 4 saylı orta məktəbin 1-ci sinfinə gedən müsahibimizin sözlərinə görə hələ onda Sabir müəllim direktor müavini idi...

 

- İlk dərs gününüz yaddaşınızda necə qalıb?

 Açıklama yok.

- İlk dərs günümüzdə Sabir müəllim direktor müavini olaraq  bütün otaqları sinif-sinif gəzirdi və daha sonra o bizim sinfə daxil oldu. O, uşaqlardan adını, yaşını bir-bir soruşmağa başladı. Həmin gün yaddaşımda çox gülməli bir hadisə olaraq qalıb...

 

- Nə üçün?

 

- Deməli Sabir müəllim bizlə oxuyan Oktay Quliyevi ayağa qaldırıb dedi ki, yazı taxtasının qarşısına keçsin. Daha sonra ondan bir ayağının qaldırıb, tək ayaq üstə dayanmasını tələb etdi. Söylədi ki, Oktayın bayaq 30 kq çəkisi var idisə, indi nə qədərdir? Uşaqların hər biri müxtəlif rəqəmlər deməyə başladı. Daha sonra 1 kq pambıq ağır olar, yoxsa 1 kq dəmir?”,- deyə növbəti sualına keçid elədi. Bununla da uşaqların məntiqi yoxlayırdı. Həmin gün mənim üçün şən eyni zamanda xoş xatirə kimi yaddaşıma həkk olundu.

 

- Hiss olunur ki, Sabir müəllimə qarşı böyük rəğbətiniz var...

 Açıklama yok.

-O, Xankəndinin brendidir. Ona görə də hər birimizin yaddaşında gözəl bir insan kimi qalıb. Əsl pedaqoq kimi xatırlanır. Bir dəfə uşaqlarla dərsdən qaçmışdıq, amma çantamızı məktəbdə qoyub getimişdik. Bir dərs parkda oturub, yenidən məktəbə qayıdacaqdıq. Parkdan gəldik ki, Sabir müəllim bütün çantalarımzı yığıb kabinetə saxlayıb. Valideynlərimiz nə vaxt gəlsə, onda çantalarımızı geri verəcəkdi. Hər birimiz valideynlərimizdən çəkindiyimiz üçün onların məktəbə dəvət olunması istəmirdik...

 

Sabir müəllim eyni zamanda Coğrafiya müəllimi olub. Bu fənni bizə çox sevdirmişdi. Xəritədə elə bir yer yox idi ki, onun adını bilməyək. Qısa, lakonik məlumat insanın ömrü boyu yadında qalır. Sabir müəllimin metodları çox fərqli idi. Əgər onun dərsindən 5 almaq istəyirsənsə, coğrafiya dəftərində xəritəni çəkməli idin. Bu da əslində bir növ xəritənin daha yaxşı yaddaşa həkk etməyə vəsilə olurdu. Bizim böyük coğrafiya kabinetimiz var idi. Orada biz yazı taxtasında asılan xəritədəki yerləri uzaq məsafədən adlarını deyə bilirdik. Sabir müəllim məsuliyyətli, tələbkar və şagirdlərin hər zaman yanında olan biri olub.

 

- Xatirə xanım, bəs Sabir Əliyev müəllim kimi deyil, bir insan kimi necə biridir?

 

- Sabir müəllim çox pozitiv, eyni zamanda fərqli insandır. Yeri gəlmişkən sizə bir xüsusiyyətini deyim.

 

Buyurun.

 Açıklama yok.

- Deməli o, hər gün məktəbin qapısında direktor olaraq özü dayanırdı və ucqar yerdən, palçıqlı yoldan gələn uşaqları o mütləq məktəbin həyətində ayaqqabısını yudurdub, sonra içəri getməyə icazə verirdi. Özü şəxsən direktor olaraq nəzarət edirdi. Hər il, daha çox yuxarı sinifdə oxuduğumuz zaman  məktəbi bitirən kimi məktəb kollektivi ilə birlikdə Göygölə, Gəncəyə səfər edirdik. 

 

-Son dərs günü hamı üçün önəmli və yaddaqalan olur. Həmin günü bizə necə təsvir edərdiniz?

 

- Çox gözəl “Son zəng”imiz təşkil olundu və bu günə qədər önlüklərimiz bizimlədir. 41 ildir ki, məktəb bitirmişəm, önlüyüm hələ də durur. Həmçinin sinif yoldaşlarımda da. Hamımız bunu qoruyub saxlamışıq.

Oxuduğumuz məktəb Şəhid məktəbi sayılırdı. Hər zaman da deyildiyi kimi "Şəhidlər ölməz, vətən bölünməz". Bu günləri Şəhid məktəbimiz artıq “dirilib”. Öz şagirdlərini qoynuna almağa hazırdır. Onu da qeyd edim ki, məktəbimizin 40-a yaxın şəhidi var.

 

Sinif yoldaşlarınız və digər müəllimlərinizlə əlaqəniz varmı?

 

- Bəli, Sabir müəllimlə mütəmadi olaraq görüşürəm. Hazırda onun 92 yaşı var. Demək olar ki, Sabir müəllimlə tez-tez əlaqə saxlayıram. Təkcə Sabir müəllimlə deyil, eləcə bizə dərs deyən müəllimlərim və sinif yoldaşlarımla da tez-tez görüşüb söhbət edirəm.