Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-18 09:16:00
“Tarixdə bu gün” - 18 apreldə...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

18 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür:

 

Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

 

18 aprel 1897-ci ildə Azərbaycanın ilk peşəkar qadın müğənnisi, vokal sənətinin görkəmli nümayəndəsi Şövkət Məmmədova anadan olub:

 

1911-ci ildə görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin yardımı sayəsində Milanda musiqi təhsili alan Şövkət xanımın təşəbbüsü ilə Bakıda teatr texnikumu və not nəşriyyatı (1923) açılıb. Şövkət Məmmədova Azərbaycan opera səhnəsində dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqinin xüsusiyyətləri ilə əlaqələndirib. 

 

18 aprel müasir fizikanın banisi, dünyanın ən məşhur və dahi alimlərindən olan Albert Eynşteynin xatirə günüdür:

 

Almaniyada doğulan Albert 1914-1933-cü illərdə Berlində Fizika İnstitutunun direktoru vəzifəsində çalışıb. Faşistlər hakimiyyətə gələndən sonra təqiblərə məruz qalaraq ölkəni tərk etməyə məcbur qalıb. 1933-cü ildən ömrünün sonuna qədər Amerika Birləşmiş Ştatlarında yaşayıb.

A.Eynşteynin kəşf etdiyi xüsusi və ümumi nisbilik nəzəriyyəsi məkan, zaman və materiya haqqında təsəvvürləri kökündən dəyişib və Kvant nəzəriyyəsinin yaradılmasında əhəmiyyətli rol oynayıb. Nobel mükafatlı Albert Eynşteyn 1955-ci il aprelin 18-də 76 yaşında dünyasını dəyişib. (1879-1955)

 

18 aprel 1923-cü ildə Bibiheybətdə ilk 6 quyu fontan vurub:

 

Bakının Bibiheybət qəsəbəsindəki “Sevinc buxtası”nda ilk 6 quyu fontan vurub.