Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-08 11:02:00
Ölkəmizdə xarici dil müəllimlərinin səviyyəsi qənaətbəxş deyil

Şagirdlər xarici dil fənnini 11 il məktəbdə, ən azı 2 il isə universitetdə keçirlər. Amma buna baxmayaraq hələ də xarici dili yaxşı səviyyədə bilənlərin sayı azdır.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov qeyd edib ki, xarici dilin tədrisi sovet ənənələrindən qalmadır:

 

“Ümumiyyətlə keçmişdən bəri Azərbaycanda ingilis dili tədrisində problem var. Sovet dövründə xarici dili qrammatika yönümlü öyrətmək ənənə idi. Yəni dilin tədrisində qrammatikanın yeri üstünlük təşkil edirdi. Ona görə də bizim keçmişdən bu günə qədər yetişdirilən müəllimlərimizin əksəriyyətində danışıq problemi var.

 

O dönəmdə ingilis dilinə çox da ehtiyac yox idi. Buna görə də onların danışma və eşitmə qabiliyyətləri çox geri qalırdı. Sovet dönəmində yetişdirilən xarici dil müəllimləri gəlib orta məktəblərdə, universitetlərdə müəllim oldular”.

 

Qoşqar Məhərrəmovun sözlərinə görə xarici dil dərsini İELTS, TOEFL ilə uyğunlaşdırmağımız lazımdır:

 

“Çünki artıq fərdi metodla, daha çox danışığın və dinləmənin yer aldığı tədris yanaşmaları inkişaf edir. Məktəblərimizdə ingilis dilinin tədrisi inkişaf etsə də, bu yavaş gedir. Əksər müəllimlər qrammatikaya üstünlük verirlər. Bu səbəbdən şagirdlər danışıq öyrənmək üçün mütləq şəkildə kursa ehtiyac duyurlar”.

 

Təhsil eksperti bildirib ki, xarici dil müəllimlərinin səviyyəsi ümumiyyətlə qənaətbəxş deyil:

 

“Bir çox xarici dil müəllimi ingilis dilini Azərbaycan dili dərsi kimi keçir. Bunu təkcə orta məktəbdə deyil, universitetlərdə də müşahidə edirik. Vəziyyət beldə olduğu halda biz gənclərimizdən mükəmmək ingilis dili səviyyəsi tələb edə bilmərik. İlk növbədə köhnə ənənəni geridə qoymaq lazımdır”.