Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-12 10:24:00
X və XI siniflər yalnız hazırlıq oxuyur - “Məktəb nə üçün var?” 

Orta ümumtəhsil müəssisələrində siniflərdə şagird sayının çoxluğu ilə bağlı son günlər bir sıra müzakirələr səsləndirilir. İnsanların bir qismi şagird sayının çoxluğunun tədrisin keyfiyyətinə mənfi təsir göstərdiyini bildirsə də, bir çoxları bunun əksini vurğulayır.

 

Maraqlıdır,sinifdə şagirdlərin çox olması qəbul ballarına necə təsir edir?

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Vüsal Kərimli şagird sıxlığının gigiyenik cəhətdən düzgün olmadığını vurğulayıb:

 

“Dünyadakı standartlara əsasən həm orta məktəb, həm də ali təhsil müəssisələrində sinif və auditoriyaların kvadratı insan sayına uyğun tənzimlənməlidir. Sıxlığın əsas səbəblərindən biri də regionlardan paytaxta axındır. İnsanların çoxu iş imkanları üçün Bakıya köçür. İnzibati cəhətdən bunun qarşısını almaq mümkün deyil, çünki insanın öz ölkəsində istədiyi ərazidə məskunlaşmaq hüququ var və bunun qarşısını heç kim ala bilməz. Məktəbin infrastruktur məsələlərinə əsasən 1 şagirdə 2.5 kvadrat faydalı ərazi düşməlidir. Müşahidələrə əsasən deyə bilərik ki, region məktəblərində sıxlıq yoxdur, bu hal əsasən Abşeron yarımadasında yerləşən məktəblərdə özünü göstərir”.

 

Ekspert bildirib ki, paytaxtda şagirdlərin nəticələrinin yaxşı olmasının əsas səbəbi onların daha çox hazırlıqlara getməsidir: “Sıxlıq keyfiyyətə təsir edir. Ancaq hansı keyfiyyətə? Müzakirə olunur ki, şagird sayı az olduqda müəllim onlarla daha çox vaxt keçirir. Əgər sinifdə sıxlığı nəzərə alsaydıq onda regionlardakı abituriyentlərin nəticələri daha yüksək olardı.

 

Şəhər məktəblərində göstəricilərin yüksək olmasına bir neçə amil təsir edir ki, bunlardan başlıcası abituriyentlərin repetitorlara müraciət etməsidir. Bundan əlavə özəl, xüsusi məktəblərdə təhsil alma imkanlarının olması da yüksək nəticələrdə bilavasitə rol oynayır”.

 

V.Kərimli bildirib ki, X-XI siniflərin mövcudluğu bu gün ciddi məsələlərdən biridir: “Düşünürəm ki, X və XI sinifdə oxuyan şagirdlərin kütləvi şəkildə repetitorlara müraciət etməsindən belə bir sual yaranır “Məktəb nə üçün mövcuddur?” Şagird əgər yuxarı sinifdə hazırlığa gedirsə, onda buna nə ehtiyac var? Bu məsələləri ictimai müzakirə etmək lazımdır. Bu gün aktual olmasa da, gələcəkdə bu məsələlərin müzakirəsi mütləq olacaq deyə düşünürəm”.