Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-12 09:14:49
Sertifikasiyadan kəsilənlərə məktəblərdə ştat YARADILSIN

Şagirdlər arasında baş verən neqativ hallarda çox vaxt məktəblər, eləcə də məktəb psixoloqlarının adı hallanır. Valideynlərin bir çoxu psixoloqların fəaliyyətindən gileylənirlər.

 

Məktəbdaxili problemləri həll etmək üçün sosial pedaqoqlara ehtiyac varmı?

 

Təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov mövzu ilə əlaqədar AzEdu.az-a danışıb.

 

Mütəxəssis bildirib ki, məktəblərdə şagirdlərlə psixoloji söhbət apara biləcək işçi yoxdur:

 

“Azərbaycanın 4432 orta ümumitəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 140 min müəllim məşğul olur. Etiraf edək ki, son 3 il ərazində orta ümumitəhsil məktəblərində şagirdlərin arasındakı neqativ halları analiz etdikdə görürük ki, uşaqlarla işləyə biləcək ayrıca mütəxəssisə ciddi şəkildə ehtiyac duyulur. Bu gün məktəblərdə müəllimlər dərslərini keçib, gedirlər. Lakin uşaqlarla psixoloji söhbət apara biləcək, öz dəyərlərini formalaşdıra biləcək, emosional ehtiyaclarını qarşılaya biləcək işçi yoxdur. Şagirdlərlə hər hansısa psixoloji söhbət aparmaq üçün “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda bu ştat yoxdur. Ümumiyyətlə məktəb psixoloqları da yetərli deyil. Çünki hazırda yalnız 2900 məktəbdə psixoloq ştatı var və onların  fəaliyyəti o qədər də ürəkaçan deyil. “Məktəblinin dostu” layihəsinin olduğu məktəblərdə isə kifayət qədər mənfi halların qarşısı alınır. Həmin məktəblərə nəzər salsaq görərik ki, tədrisin keyfiyyəti daha yaxşıdır, təhlükəsizlik ciddidir”.

 

K.Əsədov qeyd edib ki, sertifikasiyadan kəsilmiş müəllimləri işə cəlb etmək lazımdır:

 

“Azərbaycanda 2022-ci ildən etibarən müəllimlərin sertifikasiyası imtahanı keçirilir. Bu imtahanda müsabiqədən keçməyən müəllimlərimiz var ki, onların da ən az 5 illik təcrübələri mövcuddur. Hesab edirəm ki, həmin müəllimləri orta ümumitəhsil müəssisələrində işə cəlb edə bilərik. Yəni sertifikasiyadan kəsilmiş müəllimləri pedaqoq olaraq yox, şagirdlərlə işləyə biləcək bir ştata cəlb etməklə, təhsilalanlarda psixoloji  vəziyyətin və dayanıqlılığın təmin olunmasına imkan vermək daha yaxşı olardı, çünki bu gün Azərbaycan məktəblisi təəssüf ki, sosial platformaların təsirinə daha tez düşə bilir. Şagirdlərdə zəruri bilik və bacarıqların formalaşmasında ətraf-mühit amili daha çox təsirə malikdir. Düşünürəm ki, təhsilalanlarımız həmin sertifikasiya imtahanlarından kəsilmiş psixoloq olmayan, amma məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin birbaşa fəaliyyətinə cəlb  olunarsa, nəticələr daha ürəkaçan olar”.