Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-28 14:43:00
Valideynlər üçün vacib TÖVSİYƏ: Övladınızda travma yaradırsınız...

Buraxılış imtahanına sayılı günlər qalıb. Bu müddət ərzində həm valideyn, həm də abituriyentlərdə həyəcan olur.

 

Bu məqamda  valideynlər övladlarına necə dəstək olmalıdırlar? Ümumiyyətlə davranışlarında nələrə diqqət etməlidirlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə ən əsas məsələlərdən biri də imtahan əvvəli abituriyentlərə valideynin daha çox psixoloji dəstək olmasıdır:

 

“Burda təkcə valideynin dəstəyi deyil, eyni zamanda müəllimlərin dəstəyi də abituriyentlərə çox vacibdir. Çünki bəzi abituriyentlər var ki, imtahandan sonra çox böyük depressiyaya qapılırlar. Hətta bəziləri depressiyadan çıxış yolu olaraq faciəvi üsullar seçirlər. Bu cür neqativ halların qarşısını almaq üçün mütləq hər tərəfdən abituriyentlərə psixoloji dəstək göstərilməlidir.

 

Bu imtahan, eləcə də imtahandan toplanılan bal övladınızdan artıq deyil. Bu gün elə bir vəziyyətdir ki, dövlət tərəfindən kifayət qədər ixtisas və plan yerləri ayrılır. Ona görə də aşağı bal toplayaraqda ali təhsil müəssisəsinə qəbul olmaq mümkündür. Abituriyentlərin gərgin olmaması, stressə düşməməsi üçün bu məqamlara diqqət etmək lazımdır”.

 

Ekspert qeyd edib ki, valideynlər imtahan öncəsi qətiyyən abituriyenti sıxmamalıdır:

 

“Övlada “ səndən dəyərli heç bir şey yoxdur”,- deyərək imtahana yola salmaq lazımdır. İmtahan verən şəxs tam müsbət enerjiylə yola salınmalıdır. Hər bir abituriyentdə həyəcan olur və bu da normal haldır. Bəzi valideynlər təəssüflər olsun ki, övladına dəfələrlə “sənə filan qədər pul xərcləmişik”, “ camaatın uşağı getdi yaxşı nəticə topladı” və s. kimi sözlərlə təzyiq edirlər.

 

Belə olan halda bəzi şagirdlər topladığı zəif nəticədən dolayı özlərinə zərər verirlər. Bunun özü də uşaqda travma formalaşdırır. Müşahidələr onu göstərir ki, belə valideynlər sonradan çox peşman olurlar”.

 

Həmsöhbətimiz vurğulayıb ki, valideynlər övladlarına mükafat vədi verərək onları həvəsləndirə bilərlər: “Hazırda imtahana sayılı günlər qalıb. Yəni valideynlər imkan daxilində övladlarını müxtəlif yollarla həvəsləndirsələr, nəticələr də daha yaxşı olar”.