Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-09 16:48:00
Qarabağ Universitetinə keçid balı yüksək olmalıdır!

Ötən gün Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üçün 20 ixtisas üzrə tədris aparılacağı haqqında məlumat verilib. Belə ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq.

 

Həmin universitetdə mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur. Universitet ali təhsilin bütün səviyyələri üzrə - bakalavr, magistratura, doktorantura - kadr hazırlığı həyata keçirəcək.

 

Maraqlıdır, bəs universitetin keçid balları necə müəyyənləşəcək?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən millət vəkili Musa Qasımlı bildirib ki, Qarabağ Universiteti digər universitetlərdən fərqlənəcək:

 

“Cənab Prezident İlham Əliyev tərəfindən Qarabağ Universitetinin yaradılması böyük tarixi məna və əhəmiyyət daşıyan bir hadisədir. İlk növbədə qeyd edim ki, universitetin yaradılması ilə işğaldan azad edilmiş bütün ərazilərimizə Azərbaycan elmi, təhsili və mədəniyyəti qayıdır.

 

Qarabağ Universiteti hesab edirəm ki, bizim digər universitetlərimizdən fərqlənəcək, dünya miqyasına çıxa biləcək bir ali təhsil müəssisəsi olacaq. Burada olan standartlar və tələblər digərlərindən fərqlənəcək. Bu universitetin ən böyük üstünlüklərindən biri ondan ibarətdir ki, tələbələr dövlət büdcəsi hesabına təhsil alacaqlar. Onların bütün təhsil xərclərini dövlət ödəyəcək”.

 

Millət vəkili qeyd edib ki, Qarabağ Universitetinə giriş balı yüksək olmalıdır:

 

“Belə olduqda mütləq Qarabağ Universitetinə qəbul üçün keçid balı digər bölgə universitetlərindən fərqlənməlidir. Düşünürəm ki, Qarabağ Universitetinə giriş balı yüksək olmalıdır. Bütün universitetlərdən fərqlənməlidir. Çünki universitet Qarabağın, Şərqi Zəngəzurun, Azərbaycan təhsilinin və elminin siması olacaq.

 

Universitet qalib Azərbaycanın siması olacağı üçün keçid balı da yüksək olmalıdır. Qarabağ Universitetində hər şey ən müasir, qabaqcıl universitetlərin səviyyəsində təşkil olunmalıdır. Həmin ali məktəbdə çox ciddi nizam-intizam olmalı, dərslər yüksək keyfiyyətdə keçirilməlidir”.