Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-05 11:12:00
Mütəxəssis: “Valideynlər övladlarını sağlam qidadan uzaq tuturlar”

İnsanların sağlamlığı naminə düzgün şəkildə qidalanması olduqca vacibdir. Xüsusilə də azyaşlıların qidalanmasına daha çox diqqət etmək lazımdır.

 

Erkən uşaqlıq dövründə formalaşan qidalanma vərdişləri onun gələcəkdə qidalanma rasionu və sağlamlığı üçün vacib hesab edilir. Uşaqlar böyüdükcə onlarda həmin vərdişləri dəyişdirmək çətinləşir. 

 

Maraqlıdır, məktəbəqədər yaşlı uşaqların qidalanmasını istər evdə, istərsə də bağçada necə təmin etmək lazımdır?

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, uşaqların düzgün qidalanması ilə bağlı ilkin tərbiyə bağçadan deyil, evdən başlayır:

 

“Ataların belə bir sözü var: “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Əgər valideyn uşağa qazlı içki, “fastfood” və s. kimi qeyri-sağlam qida verəcəksə, uşağın bağçada bir müddət sağlam qidalanması, sağlam böyüməsinə səbəb olmayacaq. Çünki axşam evə gələndə uşaq yenə qeyri-sağlam qidalardan istifadə edəcək. Ona görə də formalaşmış qida rasionu ailədən başlayır. Burada ilk növbədə ana maariflənməlidir ki, daha sonra bunu uşağına aşılaya bilsin.

 

Düşünürəm ki, uşaqların bağçada və məktəbin bufetlərində qidalanmasına dövlət nəzarəti var, eyni zamanda isti yeməklərlə məktəblərin və bağçaların təmin olunması üçün hazırda bir sıra işlər görülür.

 

Valideynlər uşaqları ilə ictimai iaşə müəssisələrinə gedib əyləşən zaman “kartof fri” kimi qeyri-sağlam qidadan istifadə edirlər. Təbii ki, bu kimi qidalar bağçalarda verilmir. Deməli valideynlər uşaqlarını həmin qidalardan istifadə etməyə yönləndirirlər. Niyə bu cür qidadan istifadə etmək olmaz? Çünki bu kimi qidalarda ilk növbədə xərçəng hüceyrəsi var. Digər bir nüans isə bu yeməklərin trans yağlardan hazırlanmasıdır. Belə olan halda uşağın gələcək sağlamlığı sual altında olur”.

 

Mütəxəssis qeyd edib ki, uşaqların mövsümü qidalanması daha məqsədəuyğundur:

 

“Uşaqlarda faydalı karbohidratlar qida rasionunda başda olmalıdır. Buraya daxildir: mövsümü tərəvəzlər, mövsümü meyvələrdən hazırlanmış kompotlar, zülal olaraq balıq və qırmızı ət və s. Bəzi valideynlər övladlarını sağlam qidalanmadan kənar tuturlar. Onların nazı ilə oynayaraq istədikləri hər şeyi alırlar. Aldıqlarının 80% -i isə qeyri- sağlam qidadır.

 

Bütün bunları nəzərə alsaq gələcəkdə sağlamlıqdan danışmağa dəyməz. Belə olduqda uşaqların immun sistemi zəifləyir, orqanizm bakteriyalara açıq olur. Bu isə uşaqların tez-tez xəstələnməsinə səbəb olur”, - deyə fikrini tamamlayıb.