Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-23 13:18:00
Baş redaktorlar AMEA-nın mətbuatla işini dəyərləndirdilər – “Məlumatları  ya çatdırmırlar, ya da bacarmırlar”

Dünya ölkələrində bir çox hallarda elm adamları cəmiyyətə daha açıq, əlçatan olurlar. Onların fəaliyyətləri, gördükləri işlər, ixtiralar barədə mətbuatda xəbərlərə tez-tez rast gəlinir.

Həmçinin, xaricdə yaşayan azərbaycanlı alimlərimizlə əlaqə qurmaq da bir o qədər çətin deyil.

Bəs elm adamlarını bir araya gətirən Azərbaycan Milli Elmlər Akademiyasının və institutlarının mətbuatla əlaqələri nə dərəcədə qənaətbəxşdir? İstənilən informasiyanı rahatlıqla əldə etmək mümkündürmü?

AzEdu.az bununla bağlı saytların baş redaktorlarının fikirlərini öyrənib.

Ölkə.az saytının baş redaktoru Hikmət Həsənov bildirib ki,  AMEA-dan nadir hallarda açıqlamalar alırlar:

“AMEA-nın elmi institutlarının hansı işlər gördükləri, yeni ixtiraları barədə açıqlama almaq üçün kimlərə müraciət edəcəyimizi bilmirik.

Məncə, ən böyük problem də budur ki, AMEA-nın institutları işlərini, ixtiralarını ya lazımi kütləyə çatdırmırlar, ya çatdıra bilmirlər, ya da bunda maraqlı deyillər.

Görülən işlərin  lazımi kütləyə çatmamasında  həm İctimaiyyətlə Əlaqələr Şöbəsi, həm sayt və qəzetlər, televiziyalar, həm də oxucular və alimlərin günahı var. Yəni, günahı sadəcə,  bir quruma və ya bir kütləyə yükləmək olmaz. Adi bir fakt deyim, elmi bir yazını saytda dərc edəndə 4-5 min insan  oxuyursa, adi maqazin və ya qalmaqallı xəbər 15-20 min oxunur”.

Mətbuat.az-ın baş redaktoru Tural İsmayılov isə bildirib ki, adətən, AMEA ilə bağlı mövzularda qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsindən cavab alıblar:

“Ümumiyyətlə, AMEA-nın tərkibindəki institut və şöbələr mediada yayılan məlumatlara qarşı kifayət qədər həssasdır. Bizim saytda AMEA ilə bağlı xəbərlər işlənəndə daim cavab ala bilmişik. İndiyə qədər hansısa problem yaşadığımızı xatırlamıram”.

Axar.az-ın baş redaktoru Anar Niftəliyev də fikirlərini bildirib:

“Bizim müxbirlər müraciət edir, açıqlama alırlar. Doğrusu, yalnız onların münasibətindən mənim mətbuat xidmətləri haqda təsəvvürüm formalaşır. AMEA mətbuat xidmətindən ciddi narazılıq etdiklərini xatırlamıram”.

Azadİnform İnformasiya Agentliyinin baş redaktoru NiyazNiftiyev AMEA-nın Rəyasət Heyəti və institutlarının media ilə əməkdaşlığının qənaətbəxş olduğunu deyib:

“Xüsusən də bir neçə institutları var ki, hər gün baş verən yenilikləri Azərbaycan və rus dillərində bizə göndərirlər. Bundan başqa institut əməkdaşları, alimlərin məqalələrinin işıqlandırılmasına dəstək veririk. Əlbəttə, bu əməkdaşlıq yalnız onların bizə göndərdikləri press-relizlər, məqalələrlə yekunlaşmır. Ehtiyac yarandığı təqdirdə əməkdaşlarımızın suallarının cavablandırılması məsələsində də problemlərimiz yoxdur. Xüsusən də AMEA-nın Tarix, Arxeologiya və Etnoqrafiya, Qafqazşünaslıq  institutları ilə daha sıx əməkdaşlığımız mövcuddur”.